Yaşayış və qeyri-yaşayış tikintisi ilə bağlı şərtlər və qaydalara dəyişiklik edilib
Azərbaycanda bütün yaşayış və qeyri-yaşayış tikintilərinin aparılması ilə bağlı şərtlər və qaydalara dəyişiklik edilib.
APA-nın məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında bununla bağlı Şəhərsalma və Tikinti Məcəlləsinə əlavə və dəyişikliklər müzakirə olunub.
Məcəllənin 68-ci (Tikinti fəaliyyətinin ətraf mühitin mühafizəsi tələblərinə uyğun həyata keçirilməsi) maddəsinə təklif olunan əlavəyə görə, tikinti işləri ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizlik və sanitariya-gigiyena, habelə yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi normalarına uyğun həyata keçirilməlidir. Yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi normaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Məcəllənin 85-ci (Tikinti meydançası) maddəsinə təklif olunan əlavəyə görə isə tikintiyə icazədə tikinti ərazisində olan ağacların, kolların və digər yaşıllıqların mühafizəsi tədbirləri nəzərdə tutulmalıdır. Tikinti layihələrinin icrası nəticəsində götürülən yaşıllıqların miqdarı, növ tərkibi və bərpa dəyəri haqqında məlumatlar tikinti layihəsinin ekologiya bölməsinə daxil edilir.
Layihə səsə qoyularaq qəbul olunub.
Apa.az