“Çağrı mərkəzləri”nə daxil olan 17 043 müraciətin 96 faizi sorğu xarakterli olub
Cari ilin sentyabr ayı ərzində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 və 190-“Çağrı mərkəzləri”nə vətəndaşlar tərəfindən 17 043 müraciət daxil olub.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, bütün müraciətlər nazirliyin aidiyyəti struktur bölmələrinin məsul şəxsləri tərəfindən operativ və dolğun şəkildə cavablandırılıb. Müraciətlərin 96 faizi və ya 16301-i aidiyyəti məsələlərlə əlaqədar sorğu xarakterli olub ki, həmin müraciətlərlə əlaqədar vətəndaşlara hüquqi izahatlar verilib. Digər müraciətlər isə nazirliyin müvafiq struktur bölmələrində araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb.
Ötən ay “Çağrı mərkəzləri”nə edilən müraciətlərin 30,2 faizi sosial təminat, 11,8 faizi əmək qanunvericiliyi, 18,6 faizi nazirliyin elektron xidmətlərindən istifadə, 5,3 faizi tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası, 9,7 faizi məşğulluğun təminatı məsələlərinə aid olub. Eləcə də müraciətlərin 2,6 faizi fərdi uçotun təşkili, 9,6 faizi pensiya və müavinətlər, 7,9 faizi məcburi dövlət sosial sığorta, 4,3 faizi avtomatlaşdırılmış pensiya təyinatı məsələlərini əhatə edib.
Nazirliyin 142 və 190-“Çağrı mərkəzləri”nə daxil olan müraciətlərin sayında azalma ötən ay da davam edib. Yəni sentyabr ayında nazirliyin 142 və 190-“Çağrı mərkəzləri”nə daxil olan müraciətlərin sayı bu ilin iyul ayı ilə müqayisədə 15 faiz, avqust ayı ilə müqayisədə isə 7,7 faiz azalıb.
142 -“Çağrı mərkəzi” vasitəsilə vətəndaşlar əlillik müayinəsinin nəticəsi və sosial yardımın alınması üçün edilən müraciətə baxılmasının cari vəziyyəti barədə də məlumat əldə edə bilirlər. Belə ki, həmin “Çağrı mərkəzi”nə zəng edərək 0 düyməsindən sonra 1 düyməsini yığan vətəndaş onun əlilliyinin və ya sağlamlıq imkanları məhdudluğunun müəyyən edilməsi ilə bağlı aparılmış müayinənin nəticəsi barədə məlumat əldə edir. Eləcə də şəxs 142-“Çağrı mərkəzi”nə zəng edərək 0 düyməsini seçdikdən sonra 2 düyməsini yığmaqla, bundan sonra şəxsiyyət vəsiqəsinin nömrəsini, ailəni təmsil etmə barədə notarial qaydada təsdiqlənmiş ərizənin nömrəsinin son 4 rəqəmini daxil etməklə sosial yardımının alınması üçün etdiyi müraciətə baxılmasının cari vəziyyətini öyrənir.
AZƏRTAC