İlham Əliyev: Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında diaspor təşkilatlarından da çox şey asılıdır
Bizim xaricdə, xarici ölkələrlə əlaqələrimizdə heç bir problem yoxdur. Bizim hazırda 92 diplomatik nümayəndəliyimiz, 60 səfirliyimiz var. Bu səfirliklər, nümayəndəliklər daim diaspora təşkilatları ilə əlaqə saxlamalıdırlar. Ümumiyyətlə, Azərbaycan dünya miqyasında çox etibarlı tərəfdaş kimi, ləyaqətli ölkə kimi tanınır və Ermənistandan başqa heç bir ölkə ilə bizim problemimiz yoxdur.
Trend-in məlumatına görə, bunu Bunu Azərbaycan Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının IV Qurultayında çıxışı zamanı bildirib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan haqqında reallıqlar da dünya ictimaiyyətinə layiqli şəkildə çatdırılır: “Hesab edirəm ki, bizim zəif yerlərimizdən biri həmin o dövlət, hökümət, qanunverici orqanlarında təmsilçiliyimizdir, yəni onun aşağı səviyyəsidir. İkincisi də xarici media qurumları ilə bizim işimiz o qədər də yaxşı qurulmayıb. Burada da əsas rolu əlbəttə ki, diaspor təşkilatları oynamalıdır. Çünki Azərbaycan dövləti bu işlərə müdaxilə edə bilməz, çünki heç bir xarici ölkənin daxili işinə qarışmır. Amma Azərbaycan diaspor təşkilatları hesab edirəm ki, bu istiqamətdə öz işini lazımi səviyyədə qura bilməyiblər”.
Prezident sonra vurğulayıb: “Bizim xarici mediaya çıxışımız çox məhduddur. Aydın məsələdir ki, Ermənistanın, ermənilərin diaspor təşkilatları artıq on illiklər ərzində formalaşıb. Onlar müxtəlif yollarla dünyanın aparıcı media qurumlarına müdaxilə ediblər və orada təmsil olunurlar. Və bizə qarşı Azərbaycanı ləkələyən, Azərbaycan reallıqlarını təhrif edən, bizə böhtan atan yazıların böyük əksəriyyətinin arxasında ermənilər görünür. Biz bu istiqamətdə işimizi daha da təkmilləşdirməliyik”.
Dövlət başçısı qeyd edib ki, media ilə ilk növbədə iş aparılmalıdır: “Biz çalışmalıyıq ki, azərbaycanlı jurnalistlər təbəqəsi yetişsin və onlar müxtəlif media orqanlarında təmsil olunsunlar. İstər-istəməz onlar öz Vətənini müdafiə edəcəklər. Onlar həqiqətləri çatdıracaqlar. Çünki 21-ci əsr informasiya əsridir, informasiya müharibələri bu gün bir alət kimi, bir silah kimi mövcuddur. İndi dünyanın müxtəlif yerlərində qanlı toqquşmalar baş verir. Biz burada Bakıda və yaxud da başqa bir şəhərdə oturub hardan bilək ki, orada nələr baş verir? Kim haqlıdır, kim haqsızdır? Kim hücum edir, kim özünü müdafiə edir? Biz onu ancaq media vasitəsilə bilə bilərik. Əgər hər hansı ölkəyə qarşı koordinasiya edilmiş çirkin kampaniya aparılırsa, istər-istəməz ictimai fikir də o istiqamətdə gedəcək. Ona görə bu, zəif yerimizdir. Bu istiqamət prioritet istiqamətdir. Hesab edirəm ki, qurultay zamanı bu məsələ çox ciddi müzakirə edilməlidir”.
Prezident bildirib ki, müxtəlif ölkələrdə Azərbaycan həqiqətlərini çatdırmaq üçün lazımi tədbirlərin görülməsi haqqında burada danışıqlar, müzakirələr aparılmalıdır, proqram tərtib edilməlidir: “Əgər Azərbaycan dövləti bu işdə hər hansı formada öz dəstəyini verə bilərsə, biz buna hazırıq. Əsas odur ki, biz bunu planlı şəkildə icra edək və bütün Azərbaycanın diaspor təşkilatları olan bütün ölkələrdə bu, bəlkə də birinci məsələ olmalıdır. Azərbaycan həqiqətləri haqqında əlbəttə ki, dünya ictimaiyyətinə geniş informasiya verilməlidir. Biz dövlət olaraq, bunu etməyə çalışırıq. Ancaq diaspor təşkilatlarından da çox şey asılıdır. Uzun illər erməni diasporu müstəqilliyimizin ilk illərində zəif olmağımızdan istifadə edərək bizə qarşı çox çirkin kampaniya aparıblar. Kampaniyanın tərkib hissəsi o olub ki, Azərbaycanı antidemokratik ölkə kimi təqdim etsinlər, Ermənistanı yazıq, “blokada” şəraitində olan ölkə kimi təqdim etsinlər, Dağlıq Qarabağın tarixi ilə bağlı yalan, uydurma məlumatlar versinlər və müəyyən dərəcədə onlar buna nail ola biliblər”.
Dövlət başçısı sonra deyib: “1992-ci ildə ABŞ konqresi məşhur və mənfur 907-ci düzəlişi qəbul edir. Təsəvvür edin, Ermənistan Azərbaycan torpaqlarını zəbt edir, Xocalı soyqırımını törədir, insanları didərgin salır və konqresdə bu qərar qəbul edilir. ABŞ konqresi düzəliş edir. Azərbaycan birbaşa ABŞ dövlətinin yardımından məhrum edilməlidir. Niyə görə? Ona görə ki, Azərbaycan Ermənistanı blokadada saxlayır. Bundan cəfəng və riyakar qətnamə məncə, heç bir parlament görməyib. Nəyə görə bu baş verir? Ona görə ki, erməni lobbisinə aid olan satqın, rüşvətxor konqresmenlər – hansılar ki, bəziləri bu çirkin missiyanı hələ də davam etdirir, bax, belə bir yalanı ortaya atıblar”.
Prezident əlavə edib ki, Azərbaycan isə sadəcə olaraq, susub: “O vaxt bizim diasporumuz da yox idi. Azərbaycanı idarə edənlər də ümumiyyətlə, heç bilmirdilər ki, idarəçilik nədir. Ona görə də ölkəni belə uçurum kənarına qoydular və vətəndaş müharibəsinə başladılar. İndi bu düzəliş qüvvədədir. İndi bu düzəlişi aradan götürmək üçün böyük səylər göstərilməlidir. Birinci mərhələdə biz doğrudan da böyük səylər göstərirdik, sonra isə qərara gəldik ki, buna ehtiyac yoxdur. Onsuz da bu düzəlişin heç bir mənası yoxdur. Biz heç kimin yardımından asılı deyilik. Möhkəm ayaqda dayanmışıq, özümüz kimə lazımdırsa, yardım göstərə bilərik. Ancaq nəyi demək istəyirəm? Bax, bu, erməni təxribatı idi”.
İlham Əliyev vurğulayıb ki, müxtəlif ölkələrdə bunlar eyni üsulla bu gün Azərbaycana qarşı çirkin kanpaniya aparırlar: “Biz isə həqiqətləri çatdırmalıyıq. Çatdırmalıyıq ki, Dağlıq Qarabağ tarixi Azərbaycan torpağıdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb. Ermənilər Dağlıq Qarabağa Şərqi Anadoludan və İrandan XIX əsrin əvvəllərində köçürülüb. Nəyə görə köçürülüb, biz hamımız bunu çox yaxşı bilirik. Hətta 1978-ci ildə Dağlıq Qarabağda ermənilərin Dağlıq Qarabağa köçürülməsinin 150 illik yubileyini təsvir edən abidə də ucaldılıb. Müharibə zamanı ermənilər özləri o abidəni dağıtdılar ki, bu, tarixdən silinsin. Yəni budur reallıq. Bu, bizim tarixi torpağımızdır. Bütün toponimlər – bütün şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir. Nəinki Dağlıq Qarabağ, Ermənistanın özündə İrəvan xanlığı, Zəngəzur, Göyçə bizim tarixi torpağımızdır. Götürün, 20-ci əsrin əvvəllərində çar Rusiyasında çap edilmiş xəritələrə baxın. Bütün toponimlərin 80 faizi Azərbaycan mənşəlidir. Sovet dövründə yavaş-yavaş dəyişməyə başladılar, bizim tarixi abidələrimizi, məscidlərimizi sındırdılar, dağıtdılar ki, tarix silinsin. Bu, birinci məsələ”.
Prezident sonra deyib: “İkinci məsələ, biz işğala məruz qalmışıq. Bu, dünyanın gözü qarşısında baş verib. Torpaqlarımızın 20 faizi işğal altındadır. Dağlıq Qarabağ və 7 rayon. Bizə qarşı etnik təmizləmə siyasəti aparılıb. 1 milyon qaçqın və köçkünümüz var. Azərbaycanlılara qarşı Xocalı soyqırımı törədilib. BMT 4 qətnamə qəbul edib və tələb edib ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan çıxarılsın. Onlara əməl edilmir. Yəni budur bu işin tarixi və hüquqi tərəfi. Əlbəttə ki, bunu heç kim inkar edə bilməz. Hətta ermənipərəsət qüvvələr də inkar edə bilməzlər. Halbuki buna çalışırlar. Ona görə də bu həqiqətlər çatdırılmalıdır. Azərbaycanda bu mövzu ilə bağlı kifayət qədər materiallar var – xəritələr, kitablar, tarixi sənədlər. Bizim alimlərimiz çox böyük işlər görürlər. “İrəvan xanlığı” böyük bir elmi əsər yaradılıb. Dünyada bir çoxları bilmir ki, bu, bizim tarixi torpağımızdır. Ancaq biz bunu sənədlər əsasında sübut edirik, xarici dillərə tərcümə edirik. Ona görə də bu istiqamət diaspor təşkilatları üçün əsas olmalıdır”.
İlham Əliyev bildirib ki, diaspor təşkilatları yaşadıqları ölkələrdə internet saytlar açmalıdırlar, biz bunu hələ ki, görmürük: “O internet saytlar yaşadıqları ölkələrin ictimaiyyəti üçün maraqlı olmalıdır. Eyni zamanda, Azərbaycan həqiqətləri burada göstərilməlidir. Bu proses daim aparılmalıdır. Azərbaycan qəzetləri dərc edilməlidir. Həm Azərbaycan dilində ki, Azərbaycan vətəndaşları oxusun, uşaqlar oxusun ki, ana dilini bilsinlər, həm də o ölkələrdə ki, onlar yaşayırlar, o dillərdə dərc edilməlidir ki, ictimaiyyət oxusun. Yenə də deyirəm, biz informasiya dövründə yaşayırıq və getdikcə bu informasiyanın əhəmiyyəti ancaq artacaq. Biz buna hazır olmalıyıq. Xüsusilə əgər erməni diasporu bunu özbaşına edir. Ermənistan səfil bir ölkədir, orada heç büdcəsini doldurmaq üçün pul tapa bilmirlər, nəinki harasa, indi xaricə nəsə yardım edə bilərlər. Ancaq Azərbaycan dövləti bir çox məsələləri həll edir, həll edə bilər, dəstək verir, verə bilər. Sadəcə olaraq, bu, məqsədyönlü şəkildə aparılmalıdır. Bu işlər səmərəli şəkildə qurulmalıdır. Beləliklə, Azərbaycan reallıqları haqqında həqiqətlər uyğun informasiya veriləcək”.
Prezident sonra qeyd edib ki, bax, ən yeni misal aprel döyüşləri ilə bağlıdır: “Ermənistan nə qədər çalışıb ki, bu döyüşlər haqqında yenə də yalan məlumatlar ötürsün, buna nail ola bilməyib. Ancaq çox məhdud sayda, erməni diasporu ilə sıx biznes əlaqəsində olan bəzi satılmış jurnalistlər – onların adlarını biz hamımız yaxşı bilirik, ancaq onlar çalışırlar ki, Azərbaycanı günahlandırsınlar. Və çalışdılar ki, bu aprel döyüşlərini Ermənistanın böyük qələbəsi kimi qələmə versinlər. Amma alınmayacaq, çünki artıq bizim də imkanlarımız var. Biz də öz sözümüzü deyirik. Hamı bilir ki, nədən baş verib. Hamı bilir ki, aprel döyüşlərinin nəticəsi nədir. Çox təəccüblüdür ki, Ermənistan rəhbərliyi bu situasiyada çalışır ki, dünyanı aldatsın. Öz xalqını çalışırdı, aldatsın, ondan sonra dünya ictimaiyyətini. İndi isə nəticə etibari ilə özünü gülünc vəziyyətə qoyub”.
Trend.az