Xarici ölkədə təhsil alan azərbaycanlıların hərbi çağırışdan möhlət hüququ məhdudiyyəti aradan qaldırılır
Xarici ölkədə təhsil alan Azərbaycan vətəndaşlarının hərbi çağırışdan möhlət hüququ ilə bağlı məhdudiyyət aradan qaldırılır.
Trend-in məlumatına görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında bununla bağlı “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 21-ci maddəsinə (Təhsili davam etdirmək üçün çağırışa möhlət verilməsi) dəyişiklik edilib.
Maddənin 1.5-ci hissəsinə edilən dəyişikliyə əsasən, “xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsində (bakalavriat), tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək” möhlət hüququ veriləcək.
Bu hissənin hazırda qüvvədə olan variantı isə belədir: “Xarici ölkələrin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş təhsil müəssisələrində əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsində (bakalavriat), tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək”.
Bundan sonra xarici ölkə təhsil müəssisələrində təhsil alanlar üçün hərbi çağırışdan möhlət hüququnun əldə edilməsi üçün müvafiq icra hakimiyyəti orqanı (Təhsil Nazirliyi) tərəfindən tərtib olunmuş xarici ölkə təhsil müəssisələri siyahısına ehtiyac qalmır.
Layihə səsverməyə çıxarılaraq qəbul edilib.
Trend.az