Zakir Həsənov İspaniyanın xarici işlər üzrə dövlət katibi ilə görüşüb
İspaniya Krallığında rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun bu ölkənin xarici işlər üzrə dövlət katibi İqnasio İbanez Rubio ilə görüşü olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan-İspaniya əməkdaşlığının hazırkı vəziyyətindən, xüsusən də siyasi müstəvidə əlaqələrin səviyyəsindən məmnunluğun ifadə edildiyi görüşdə general-polkovnik Z.Həsənov Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində yaranan son gərginlik və Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatlar, onların nəticələri, eləcə də münaqişənin həlli istiqamətində aparılan son danışıqlar barədə qarşı tərəfə məlumat verib.
Nazir bildirib ki, münaqişənin həllinə nail olmaq məqsədilə Ermənistan qoşunları işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmalı, hərbi işğal faktına son qoyulmalıdır.
Dövlət katibi isə öz növbəsində ölkəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstəklədiyini diqqətə çatdırıb.
Görüşdə hər iki ölkənin BMT, ATƏT, NATO, Avropa Şurası, Avropa İttifaqı və digər beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlıqda maraqlı olduqları bildirilib. Bundan əlavə, beynəlxalq terrorizmə və separatizmə qarşı mübarizə sahəsində Azərbaycan ilə İspaniya arasında əməkdaşlığın inkişaf etdirilməsinin və bu məsələlərdə qarşılıqlı dəstəyin vacibliyi qeyd edilib.
Apa.az