Azərbaycan Prezidenti İlham Əliyev 2015-ci ildə “Dünyada ilin adamı” seçilib
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2015-ci ildə “Dünyada ilin adamı” seçilib.
Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi və enerji mənbələrinin şaxələndirilməsinə mühüm töhfə verir. Qlobal transmilli layihələrin həyata keçirilməsində böyük təcrübə toplamış Azərbaycanın ciddi səyləri və liderliyi sayəsində müxtəlif ölkələrin təmsil olunduğu böyük komanda formalaşdırılıb, “XXI əsrin layihəsi” olan “Cənub” qaz dəhlizinin, onun tərkib hissəsi kimi “Şahdəniz-2”, TANAP və TAP layihələrinin reallaşdırılmasına başlanıb və hazırda bu istiqamətdə işlər sürətlə davam etdirilir.
Azərbaycan tarixdə ilk dəfə təşkil olunan birinci Avropa Oyunlarını ən yüksək səviyyədə keçirməklə, ona göstərilən etimadı tam doğruldub və Avropa ictimaiyyətinə əsl idman bayramı hədiyyə edib. Azərbaycan həm də böyük beynəlxalq tədbirləri nümunəvi şəkildə təşkil etmək, onların yeni standartlarını müəyyənləşdirmək bacarığını, öz böyük potensialını bütün dünyaya bir daha təqdim edib.
Azərbaycan qitələri birləşdirən nəhəng nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsində əhəmiyyətli rol oynayır, “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin yaradılması üçün böyük səylər göstərir. Son illər hava, yol, dəniz və dəmir yolu infrastrukturunu ən müasir standartlara uyğun yenidən qurmaqla, Azərbaycan qarşıdan gələn dövrdə bütün regionun inkişafına xidmət göstərəcək beynəlxalq nəqliyyat-tranzit şəbəkəsinin mərkəzinə çevrilib.
Azərbaycan beynəlxalq humanitar tədbirlərə ev sahibliyi etməklə dünyada sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun inkişafına, multikultural dəyərlərin təşviqinə, sülh və təhlükəsizliyin təmin edilməsinə əməli dəstək göstərir. Artıq Bakı şəhəri dünyanın ən müxtəlif ölkələrini təmsil edən nüfuzlu ictimai-siyasi xadimlərin, tanınmış şəxsiyyətlərin iştirakı ilə bəşəriyyət üçün mühüm əhəmiyyət kəsb edən məsələlərin müzakirə olunduğu mərkəz statusu qazanıb.
Cəmi 20 ildən bir az artıq müstəqillik tarixinə malik Azərbaycanın qazandığı uğurlar hətta dünyanın nəhəng ölkələri üçün nümunə hesab oluna bilər. Etiraf edilməlidir ki, bütün bu nailiyyətlər bilavasitə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adı ilə bağlıdır.
Göstərilən amilləri nəzərə alaraq və Azərbaycan Prezidentinin fəaliyyətini dərindən təhlil edərək “The Business Year” şirkəti İlham Əliyevi 2015-ci ildə “Dünyada ilin adamı” seçib.
AZƏRTAC