Xarici dövlətlərin Bakıdakı hərbi attaşeləri Müdafiə Nazirliyinə dəvət olunub
Azərbaycanın müdafiə naziri Zakir Həsənovun göstərişinə əsasən ölkədə akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşelərinin iştirakı ilə nazirliyin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində toplantı keçirilib.
APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, toplantıda Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Hüseyn Mahmudov iştirak edib.
Görüşdə Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində son zamanlar yaranan gərginliklə bağlı, o cümlədən atəşkəsin pozulmasının səbəbləri, düşmənin müdafiənin ön xəttinə etdiyi basqın cəhdləri, erməni silahlı qüvvələri tərəfindən iriçaplı silahlardan mütəmadi olaraq cəbhə xətti boyu yerləşən Azərbaycan kəndlərinin atəşə tutulması barədə hərbi attaşelərə məlumatlar təqdim olunub.
Bundan əlavə, hərbi attaşelər mülki əhalinin, yaşayış binalarının, nəqliyyat vasitələrinin və sahəyanı ərazilərin intensiv artilleriya silahlarından atəş altında saxlanması, bunun nəticəsi olaraq düşmənin təxribatçı hərəkətlərinin qarşının alınması barədə məlumatlandırılıblar.
Sonda toplantı iştirakçılarının sualları cavablandırılıb.
Apa.az