Miqrasiya, multikulturalizm və inteqrasiya məsələləri Forumun diqqət mərkəzində olub

Posted by

Miqrasiya, multikulturalizm və inteqrasiya məsələləri Forumun diqqət mərkəzində olub

 

Miqrasiya, multikulturalizm və inteqrasiya məsələləri Forumun diqqət mərkəzində olub

Miqrasiya, multikulturalizm və inteqrasiya məsələləri Forumun diqqət mərkəzində olub

Martın 11-də IV Qlobal Bakı Forumu çərçivəsində panel iclaslarının biri isə “Miqrasiya, multikulturalizm və inteqrasiya məsələsi” mövzusuna həsr olunub.

 

AZƏRTAC xəbər verir ki, iclasa İtaliya Prezidentinin diplomatik məsələlər üzrə müşaviri Antonio Zanardi Landi moderatorluq edib. O, müasir dövrdə bu mövzunun çox aktual olduğunu, son illər Avropada bu məsələ ilə bağlı kifayət qədər problemlər yarandığını vurğulayaraq deyib: “Biz birgə çalışmalıyıq ki, bu məsələlərdə insanlıq amilini ön plana çıxaraq və problemin həllinə nail olaq. Biz çalışırıq ki, miqrasiya məsələsini nəzarətdə saxlayaq. Avropa qurumları da hazırda bu problemin səmərəli həllində çətinlik çəkirlər. Bu, əslində Avropada inteqrasiya məsələsinə ciddi əngəl törədir”.

 

İclasda çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi Qlobal Bakı Forumunun, burada müzakirə edilən mövzuların əhəmiyyətindən danışıb. Novruz Məmmədov Forumda dünyanı narahat edən bütün məsələlərin müzakirə olunduğunu qeyd edib.

 

Prezident Administrasiyasının rəsmisi deyib: “Düşünürəm ki, biz gənclərə yaxşı bir miras qoymalıyıq. Onlar bilməlidirlər ki, hansı yolla getsələr daha doğru olar. SSRİ ilə yanaşı, 1990-cı illərdə Varşava Müqaviləsindən sonra yeni bir dünya başlandı. Avropa İttifaqının, Qərbin dünyaya mesajı belə idi: “Biz sabitlik, təhlükəsizlik şəraitində yaşayacağıq, davamlı inkişafa nail olacağıq”. Dünyada nə qədər çətinliklər olsa da, səyləri ortaya qoysaq uğurlu nəticəyə gəlib çıxa bilərik. Biz 25 ildə sabitlik şəraitində davamlı inkişafı təmin etməyi bacardıq. Amma deyə bilmərik ki, 25 il ərzində dünyamız yaxşı dünya olub. Bugünkü dünyamız hazırda daha münaqişəli, problemli dünyadır. 1990-cı illərdən sonra bütün ölkələr düşündülər ki, hər şey yaxşı olacaq, artıq beynəlxalq münasibətlərə ədalətli bir yanaşma gələcək. Amma bu gün Azərbaycana münasibətdə bunu görmək çox çətindir. Bu gün biz dünyada mövcud olan problemlərdən danışırıqsa, onların həllini vacib hesab ediriksə, Varşava Müqaviləsindən sonra ilk yaranan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə mütləq yer ayırmalıyıq. Beynəlxalq aləm Ermənistan-Azərbaycan münaqişəsinə ədalətli yanaşma ortaya qoyub bu problemi həll etsə idi, bəlkə də bu gün digər münaqişələrin çoxu baş verməzdi. Varşava Müqaviləsi zamanı bəlkə 10 problem var idisə, bu gün 50-dən çox bu cür münaqişə sadalamaq olar. Azərbaycan kimi dövlətlər ədalətli yanaşma gözləyir. Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən əlavə, digər ətraf 7 rayonu da işğal olunub. Amma bu haqda heç kim danışmaq istəmir. Belə olan halda biz ədalətli bir dünya qura bilərikmi? Bir daha deyirəm ki, beynəlxalq münasibətlərdə bu gün mütləq ədalətli yanaşma olmalıdır. Hazırda dünyada 10-15 aparıcı dövlət var. Bütün proseslər məhz bu dövlətlərin fəaliyyətinə uyğun olaraq gedir. İyirmi beş il ərzində təəssüflər olsun ki, dövlətlər beynəlxalq hüquqdan heç danışmadılar. Bizim üzləşdiyimiz münaqişə ilə bağlı da heç kim “Beynəlxalq hüquq” sözünü işlətmək istəmir. ATƏT-in Minsk qrupunun üç həmsədri heç bir iş görməyə-görməyə bu işin monopoliyasını əlində saxlayır. Hətta digər təşkilatlara tapşırıqlar verirlər ki, siz bu məsələyə qarışmayın. Mənim fikrimcə, bu, bəzi dövlətlərin öz maraqlarını hər şeydən üstün tutması nəticəsində baş verir”.

 

Qaçqın və miqrasiya məsələlərindən danışan Novruz Məmmədov qeyd edib ki, Azərbaycan 1990-cı illərin əvvəllərində münaqişə nəticəsində bir milyondan artıq qaçqın və məcburi köçkün problemi ilə üzləşdi. Amma biz onlar üçün hər cür şərait yaratdıq. Bu gün çoxsaylı Avropa ölkələri qaçqın problemini həll edə bilmir. Miqrasiya hər zaman olub. Bu, diqqəti cəlb edən bir proses olmayıb. Ancaq miqrasiyanın qeyri-adi formasi yalnız müharibələr, münaqişələr nəticəsində ortaya çıxır və kütləvi xarakter daşıyır. Bu gün biz müəyyən geosiyasi proseslərin nəticəsini görürük. Məhz bu proseslərin nəticəsində miqrasiya problemi ortaya çıxıb. Ədalətli yanaşma olarsa böyük dövlətlərin, təşkilatların da maraqlarının həyata keçməsi daha asan olacaq. Bu gün Avropa dövlətlərinin hamısı bu məsələdə öz üzərinə məsuliyyət götürmək istəmirlər. Bu gün Avropa hərtərəfli düşünüb sonra mövqe bildirməlidir.

 

İtaliya Senatının vitse-prezidenti Linda Lanzilotta iclasda çıxış edərək deyib: “Bu məsələ ilə bağlı aparılan bütün müzakirələr, mövcud reallıqlar göstərir ki, miqrant probleminin həlli uzun zaman tələb edir. İlk növbədə qaçqın problemini yaradan amilləri aradan qaldırmaq lazımdır. Problemin həlli yalnız Türkiyə, Yunanıstan və digər ölkələrin öhdəsinə buraxılmamalıdır. Birlikdə səy göstərmək lazımdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, bu böhran bəzi yerlərdə işsizlik, aclıq kimi problemlər ortaya çıxaracaq. Bu da özlüyündə terrorizmin, dələduzluğun yaranmasına gətirib çıxaracaq. Ona görə də problemin həlli üçün ilk növbədə yanaşmamızı dəyişməliyik. Əks halda Avropa İttifaqının özü üçün də ciddi təhlükə yarana bilər”.

 

Almaniyanın sabiq Baş naziri Lothar de Maiziere qaçqınlarla bağlı böhranın ölkəsi üçün də başlıca çağırışlardan biri olduğunu söyləyib. O bildirib ki, Almaniya qaçqın problemini birmənalı olaraq həll etmək istəyir. Qaçqın problemi münaqişələrdən qaynaqlanır. Ona görə də sülhün əldə olunması çox vacibdir. Bu gün qaçqın problemi ilə əlaqədar Türkiyənin üzərinə böyük yük düşür. Ona görə də bu ölkəyə kömək etmək Avropa dövlətlərinin borcudur.

 

Albaniyanın sabiq Prezidenti Rexhep Meidani bildirib ki, bu gün qaçqın böhranı ilə üz-üzə qalan Avropa çıxılmaz vəziyyətdədir. İlk növbədə bu problemi yaradan amillərlə mübarizə aparılmalıdır və insanlar öz doğma vətənlərinə qayıtmalıdırlar. Avropa dövlətləri qaçqınları müxtəlif ölkələrdə yerləşdirməklə məşğul olmaqdansa, münaqişələrin həllinə daha çox diqqət ayırmalıdır.

 

Ekvadorun sabiq Prezidenti Rosalia Arteaqa Serranno deyib ki, bu gün Latın Amerikasını miqrantlar qitəsi hesab etmək olar. Avropanın bir çox ölkələrindən bizim qitəyə axınlar olub. Əlbəttə, bunun əksi də mövcuddur. Məlumdur ki, bizim qitənin yaxşı yaşamaq istəyən insanları tarixən Avropaya üz tutublar. Amma son illər Avropanın müəyyən ölkələrində yaşanan iqtisadi böhranlar nəticəsində insanlar Cənubi Amerikaya, həmçinin bizim ölkəyə pənah gətiriblər. Bu da özlüyündə ərzaq çatışmazlığı, işsizlik və bu kimi başqa çətinliklər yaradır. Ancaq o da məlumdur və nümunələr var ki, müxtəlif mədəniyyətlərin nümayəndələri necə birgə yaşaya bilərlər. Bunun üçün ilk növbədə insanların qlobal və yerli vətəndaş anlayışını birləşdirmək və vahid konsepsiya ortaya qoymaq lazımdır.

 

“Exxon Mobile” şirkətinin sabiq vitse-prezidenti Jan Baderşnayder deyib ki, miqrantlar əslində öz ölkələri üçün də ciddi problemlər yaradırlar. Miqrant yola salan ölkələrin büdcəsinə milyonlarla ziyan dəyir. Miqrasiya problemini yaradan əsas məsələlərdən biri də təhsilin, yaşayış səviyyəsinin aşağı olmasıdır.

 

İclas mövzu ətrafında müzakirələrlə davam edib.

 

AZƏRTAC