Milli Məclisin nümayəndə heyəti Türkiyə prezidenti, baş naziri və TBMM sədri ilə görüşüb
Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi parlament nümayəndə heyəti Türkiyədə iki günlük rəsmi səfərdədir. APA-nın AZƏRTAC-a istinadən verdiyi məlumata görə, Səfər Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkün məzarının ziyarəti ilə başlanıb. Milli Məclisin sədri Anıtqəbirdəki xatirə kitabını imzalayıb.
Sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan nümayəndə heyətini qəbul edib.
Oqtay Əsədov prezident İlham Əliyevin salamlarını Türkiyənin dövlət başçısına çatdırıb. Rəcəb Tayyib Ərdoğan onun da salamlarının prezident İlham Əliyevə çatdırılmasını xahiş edib.
Qəbulda Azərbaycan-Türkiyə münasibətlərinin inkişaf istiqamətlərinə dair fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, Azərbaycan-Türkiyə münasibətləri sarsılmaz və dönməzdir.
Sonra Azərbaycan parlament nümayəndə heyəti Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə görüşüb. Əhməd Davudoğlu Türkiyənin hər zaman Azərbaycan ilə birgə olduğunu diqqətə çatdırıb.
Əhməd Davudoğlu dövlətimizin başçısı ilə Azərbaycanda keçirdiyi görüşlərdə müzakirə olunan məsələlərin əhəmiyyətindən danışıb. Diqqətə çatdırılıb ki, Azərbaycan-Türkiyə münasibətləri dünyada dostluğa və qardaşlığa nümunədir.
Daha sonra Azərbaycan parlament nümayəndə heyəti Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəmanla görüşüb. TBMM-nin sədri iki qardaş ölkənin parlamentləri arasındakı qardaşlıq münasibətlərindən bəhs edib, Azərbaycan xalqına tükənməz sevgi və məhəbbət bəslədiyini ifadə edib.
Görüşdə iki qardaş ölkə parlamentləri arasındakı əlaqələr, o cümlədən parlamentlərarası dostluq qruplarının fəaliyyəti yüksək qiymətləndirilib. Qeyd olunub ki, Azərbaycan və Türkiyə parlamentləri bundan sonra da dövlətlərimizin və xalqlarımızın maraqlarına uyğun olan məsələlərdə birgə səyləri bundan sonra da davam etdirəcəklər.
Apa.az