Yeni dərs ilində I sinfə qəbulun elektron sistemlə həyata keçirilməsi haqda əmr imzalanıb
Təhsil naziri Mikayıl Cabbarov “2016-2017-ci dərs ili üçün I sinfə şagird qəbulunun elektron sistem vasitəsi ilə həyata keçirilməsi barədə” əmr imzalayıb. Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, əmrə əsasən, Bakı şəhərinin ümumtəhsil məktəblərində, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalarda 2016-2017-ci dərs ili üçün I sinfə şagird qəbulunun Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ərizələrin onlayn qeydiyyatı aparılmaqla, elektron sistem vasitəsilə həyata keçirilməsi qərara alınıb.
Əmrdə bildirilib ki, 2015-2016-cı dərs ilində Bakı şəhərinin ümumtəhsil məktəblərində, eləcə də Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalarda I sinfə şagird qəbulu Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ərizələrin onlayn qeydiyyatı aparılmaqla elektron sistem vasitəsilə həyata keçirilib, həmin müəssisələrdə I sinfə 44 minə yaxın uşaq qəbul edilib.
Apa.az