İtaliyada hazırlanan “Xocalıda qırmızı mələk” tamaşasının Bakıda premyerası olacaq
Fevralın 22-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində “Xocalıda qırmızı mələk” adlı tamaşanın ilk premyerası keçiriləcək.
APA-nın məlumatına görə, tamaşa Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə İtaliyanın “Associazione Arci Bellezza” təşkilatı tərəfindən hazırlanıb. İtalyan aktyorların iştirakı ilə hazırlanmış bu tamaşa Milan şəhərinin “Teatro Filodrammatici” teatrında nümayiş etdirilib və yerli ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb. Tamaşanın uğurla hazırlanmasını nəzərə alaraq, Şura onun yaradıcı heyətini Azərbaycana dəvət edib.
“Xocalıda qırmızı mələk” tamaşası “APA Holding”ə daxil olan Lent.az saytında yayımlanmış reportajlar əsasında çapdan çıxmış “Cəhənnəmdə böyük çığırtı” kitabının motivləri əsasında hazırlanıb. Tamaşanın ssenari müəllifi Səbuhi Məmmədli, quruluşçu rejissoru Nihad İsadır.
Tamaşanı premyerası fevralın 22-də saat 16.00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında baş tutacaq.
Apa.az