Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərində törədilmiş soyqırımın insanlığa qarşı cinayət olduğu vurğulanıb
Yanvarın 20-də Sloveniya Milli Şurası qurumun üzvü Rudi Matjasicin təşəbbüsü əsasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərar qəbul edib.
Bu barədə APA-ya Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Məlumatda bildirilir ki, qərarda Milli Şura Sloveniya Respublikası hökumətinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına yönəlik səylər çərçivəsində Birləşmiş Millətlər Təşkilatının münaqişə ilə bağlı müvafiq qətnamələrini dəstəkləməyi təklif edib. Milli Şuranın üzvü Rudi Matjasic tərəfindən irəli sürülmüş təşəbbüsdə qeyd olunur ki, Sloveniya Milli Şurası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılması və məcburi köçkünlərin təhlükəsiz və rahat şəkildə öz doğma yurd-yuvalarına qayıtmasını nəzərdə tutan BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri əsasında həllinin dəstəklənməsinə çağırır.
Sənəddə deyilir ki, bütün hallarda etnik təmizləmə və mülki əhalinin kütləvi şəkildə qətlə yetirilməsi kəskin pislənilməlidir. Bu xüsusda Ermənistan silahlı qüvvələri tərəfindən 26 fevral 1992-ci il tarixində Azərbaycanın Xocalı şəhərində törədilmiş soyqırımın insanlığa qarşı cinayət olduğu vurğulanıb və faciənin 24-cü ildönümü münasibətilə Azərbaycan xalqına başsağlığı ifadə edilib: “26 fevral 2016-cı ildə 106-sı qadın, 63-ü uşaq və 70-i yaşlı olmaqla, 613 nəfər dinc sakinin Ermənistan hərbi birləşmələri tərəfindən Azərbaycanın Xocalı şəhərində amansızcasına qətlə yetirilməsi və çoxlu sayda mülki insanın itkin düşməsindən 24 ilin keçir”.
Qərarda BMT Baş Assambleyası, Avropa Parlamenti, Avropa Şurasının Parlament Assambleyası və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının qəbul etdiyi qətnamələrdə Dağlıq Qarabağ daxil olmaqla, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün dəstəkləndiyi nəzərə çatdırılır, münaqişənin həllinin beynəlxalq hüquqa və Azərbaycanın ərazi bütövlüyünə, xüsusilə BMT TŞ-nın müvafiq dörd qətnaməsinə əsaslanmalı olduğu bildirilir.
Azərbaycan XİN-in açıqlamasına əsasən nazirlik tərəfindən aparılmış iş nəticəsində Meksika, Pakistan, Honduras, Qvatemala, Kolumbiya, Panama, Peru, Bosniya və Hersoqovina, Sudan, Çex Respublikası və Rumıniyanın parlamentləri və ABŞ-ın 16 ştatının yerli qanunverici orqanı, İslam Əməkdaşlıq Təşkilatı və onun Parlament İttifaqı tərəfindən Xocalı faciəsini soyqırım və insanlıq əleyhinə cinayət kimi tanıyan, Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalını pisləyən, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyini və münaqişənin BMT TŞ-nın qətnamələri əsasında həllini dəstəkləyən müxtəlif sənədlər qəbul edilib: “26 fevral 1992-ci ildə Azərbaycan Respublikasının Xocalı şəhərində Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş əməllərin soyqırım və insanlıq əleyhinə cinayət kimi tanıdılması istiqamətində Xarici İşlər Nazirliyi tərəfindən həyata keçirilən ardıcıl fəaliyyət bundan sonra da davam etdiriləcək”.
Qeyd edək ki, Sloveniya parlamenti iki palatadan – Milli Məclis və Milli Şuradan ibarətdir. Milli Məclis qanunverici orqandır. Mili Şura isə işçiləri, işəgötürənləri, kənd təsərrüfatında çalışanları və digər maraq qruplarını təmsil edir. Şura Məclisdə qəbul olunan qanunları yenidən müzakirə olunmaq üçün geri göndərmək hüququna malikdir.
Apa.az