Səlim Müslümov: Əlilliyi olan şəxslər sosial həyata inteqrasiyada çətinliklərlə rastlaşmırlar
Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Tvinninq layihəsi çərçivəsində “Azərbaycanda əlillik sahəsində mövcud vəziyyətin təhlili: reabilitasiya mərkəzlərində keçirilən sorğunun məlumatları və gələcək islahatlar üçün tövsiyələr” mövzusunda təqdimat tədbiri olub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası sisteminin inkişaf etdirilməsinin Prezident cənab İlham Əliyevin sosial islahatlar kursunda mühüm yer tutduğunu vurğulayıb: “Son illərdə ölkədə əlilliyi olan şəxslərlə bağlı bərpa-müalicə sisteminin maddi-texniki bazasının gücləndirilməsi və müasir tələblərə uyğun təkmilləşdirilməsi üçün məqsədyönlü işlər aparılır. Bu işlərdə əsas məqsədlərdən biri də əlilliyi olan şəxslərə münasibətdə tibbi yanaşma ilə bərabər, sosial modelin tətbiqinə, həmin şəxslərin sosial reabilitasiya potensialı nəzərə alınmaqla onun reallaşmasına şərait yaradılmasıdır”.
Nazir bildirib ki, Avropa İttifaqının “Əlilliyi olan şəxslər üçün tibbi-sosial reabilitasiya sisteminin inkişaf etdirilməsi istiqamətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” Tvinninq layihəsi bu sahədə qabaqcıl Avropa təcrübəsinin öyrənilməsi ilə yanaşı, fəal ekspert dəstəyinin göstərilməsinə də yardımçı olur: “Layihə çərçivəsində hazırlanmış müvafiq qiymətləndirmə forması bərpa-müalicə müəssisələrinə qəbul edilən əlilliyi olan şəxslərin sağlamlıq vəziyyəti ilə bərabər, həmin insanların sosial vəziyyətinə, həyat şəraitinə dair məlumatların öyrənilməsinə imkan verir. Bu məlumatlar onlarla bağlı sosial reabilitasiya proqramlarının hazırlanmasında əhəmiyyət kəsb edir”.
S.Müslümov diqqətə çatdırıb ki, qeyd olunan qiymətləndirmə forması əsasında Tvinninq layihəsinin ekspertləri tərəfindən cari ilin iyun-oktyabr ayları ərzində nazirliyin iki bərpa-müalicə müəssisəsində – Müharibə Əlilləri üçün Müalicə Pansionatında və Sumqayıt Əlillərin Regional Bərpa Mərkəzində bərpa müalicəsi alan əlilliyi olan şəxslər arasında sorğu keçirilib. Sorğu zamanı əlilliyi olan insanların ümumi tərkibi, qruplara görə bölgüsü, onların mövcud həyat şəraiti və ailə vəziyyəti, ev təsərrüfatlarının sosial-demoqrafik xüsusiyyətləri, təhsil və əmək bazarında iştirak səviyyəsi, ictimai yerlərin həmin şəxslər üçün müyəssərliyi, reabilitasiya sisteminin əhatə dairəsi və s. ilə bağlı məlumatlar toplanıb və ətraflı təhlil olunub: “Sorğu zamanı əldə olunmuş məlumatlar bizim üçün maraq doğurur. Onlardan biri də budur ki, Azərbaycanda əlilliyi olan şəxslər sosial həyata inteqrasiya etməkdə xüsusi çətinliklərlə rastlaşmırlar. Məsələn, onların böyük hissəsi ailəlidir və bu sahədə müvafiq göstərici ümumi əhalinin göstəricisinə yaxın olan rəqəmdir. Yaxud əlilliyi olan şəxslərin ixtisasalma problemləri ilə qarşılaşmadıqları və ümumi əhali kimi təhsilli olduqları müşahidə olunub və s.”
Nazir bildirib ki, sorğunun ümumi nəticələri əsasında əlilliyi olan şəxslərin sosial reabilitasiyası yönündə aparılacaq islahat tədbirləri üçün tövsiyələr hazırlanıb: “Bu tədbirdə həmin sorğunun nəticələri və tövsiyələr təqdim olunacaq. Həmçinin ölkəmizdə əlilliyi olan insanlarla bağlı iş mexanizmlərinin beynəlxalq standartlar, BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının prinsipləri əsasında təkmilləşdirilməsi üçün Tvinninq layihəsi üzrə yekun tövsiyələr qeyd ediləcək. Hesab edirəm ki, aparılmiş sorğunun nəticələri, eləcə də tövsiyələr bizim əlilliyi olan şəxslər üçün səmərəli reabilitasiya sisteminin qurulması yönündə aparılan işlərdə faydalı ola bilər”.
Tədbirdə layihənin eksperti Andrey Tretyak layihə tərəfindən keçirilmiş sorğunun nəticələrini, bu nəticələr əsasında hazırlanmış tövsiyələri, habelə Tvinninq layihəsinin müşaviri Kristian Mutye layihənin yekun tövsiyələrini diqqətə çatdırıblar. Tədbir təqdim olunmuş məlumatlar və tövsiyələr əsasında geniş müzakirələrin aparılması ilə davam edib.
Trend.az