Azərbaycanda QHT-lər yeni qaydalarla işləyəcək
Azərbaycanda “Qeyri-hökumət təşkilatının, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər barədə məlumatların təqdim edilməsi Qaydası”ı təsdiq edilib.
Trend Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən xəbər verir ki, qaydaya əsasən, qeyri-hökumət təşkilatı ianəni qəbul etdiyi gündən 15 (on beş) gündən gec olmayaraq, ianənin məbləği və ianəni vermiş şəxslər barədə məlumatları qrantların, xidmət müqavilələrinin və ianələrin reyestrinə (bundan sonra – reyestr) daxil etmək üçün Ədliyyə Nazirliyinə təqdim etməlidir.
Qaydada müəyyən olunur ki, qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 24-1.4-cü maddəsinə uyğun olaraq, ianə edilən pul vəsaitləri qeyri-hökumət təşkilatının bank hesabına köçürmə yolu ilə qəbul edilir. Nizamnaməsinə əsasən başlıca məqsədi xeyriyyəçilik olan qeyri-hökumət təşkilatı 200 (iki yüz) manatadək ianəni nağd şəkildə qəbul edə bilər.
“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 24-1.5-ci maddəsinə uyğun olaraq, barəsində məlumat təqdim edilməmiş ianələr üzrə bank əməliyyatları və hər hansı digər əməliyyatlar aparıla bilməz.
Qeyri-hökumət təşkilatı tərəfindən qəbul edilmiş ianə üzrə əməliyyatlar, həmin ianə barədə məlumatın reyestrə daxil edildiyini təsdiqləyən bildiriş əsasında aparılır.
Trend.az