Azərbaycan və Qazaxıstan Müdafiə nazirlikləri arasında əməkdaşlıq planı imzalanıb
Noyabrın 4-də Qazaxıstanda rəsmi səfərdə olan Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin bu ölkənin Müdafiə naziri İmanqali Tasmaqambetov tərəfindən rəsmi qarşılanma mərasimi keçirilib.
Müdafiə Nazirliyindən Trend-ə daxil olan məlumata görə, protokola uyğun olaraq Müdafiə nazirləri fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Azərbaycanın və Qazaxıstanın dövlət himnləri səsləndirildikdən sonra nazirlərin təkbətək görüşü olub.
Nümayəndə heyətlərinin geniş tərkibdə keçirilən görüşündə vurğulanıb ki, Azərbaycan və Qazaxıstan xalqları müştərək tarixi-mədəni keçmişə malikdirlər. Bildirilib ki, ölkələrimiz arasında münasibətlər strateji xarakter daşıyır. Əməkdaşlığımız həm ikitərəfli formatda, eləcə də beynəlxalq və regional təşkilatlar çərçivəsində inkişaf edir.
Qazaxıstanın Müdafiə naziri İ.Tasmaqambetov bildirib ki, hazırkı mərhələdə diqqəti Azərbaycanın və Qazaxıstanın Hərbi Dəniz Qüvvələri arasında praktiki əlaqələrin qurulmasına yönəltmək vacibdir: “Bu istiqamət Xəzər dənizində qonşuluq münasibətlərinin və təhlükəsizliyin möhkəmlənməsinə kömək edər. Bu, Xəzəryanı dövlətlərin rəhbərlərinin yüksək səviyyəli görüşlərdə əldə etdikləri razılığa da uyğundur”.
Azərbaycanın Müdafiə naziri Z.Həsənov qeyd edib ki, biz birgə təlimlərin keçirilməsinə hazırıq: “Çünki Qazaxıstan ilə təlimlərin və yarışların keçirilməsi sahəsində təcrübəyə malikik. Bu cür tədbirlərin keçirilməsi silahlı qüvvələrimizin qarşılıqlı təcrübə əldə edərək yaxınlaşmasına xidmət edər”.
İ.Tasmaqambetov isə Z.Həsənovu gələn il Astana şəhərində keçirilməsi planlaşdırılan “KADEKS-2016” Beynəlxalq Hərbi Texnika və Silah sərgisinə dəvət edib: “Ümid edirəm ki, bu sərgidə iştirakınız ölkələrimiz arasında hərbi-texniki əməkdaşlığın inkişafına əlavə təkan verəcək”.
Görüşdə iki ölkə arasında mövcud əlaqələrin əhəmiyyəti vurğulanıb, hərbi sahədə əməkdaşlığın inkişafı, təcrübə mübadiləsi və kadr hazırlığına xüsusi diqqət yetirilib, qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
Yekunda Azərbaycan və Qazaxıstan Müdafiə nazirlikləri arasında 2016-cı il üçün əməkdaşlıq planı imzalanıb.
Trend.az