Konsulluqlar xaricdə yaşayan, 15 yaşı tamam olmamış Azərbaycan vətəndaşlarına fərdi identifikasiya kartları verəcək
Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında” 2015-ci il 30 sentyabr tarixli qanunun tətbiqi barədə fərman imzalayıb.
APA-nın məlumatına görə, Nazirlər Kabinetinə qanunların və prezidentin aktlarının 1994-cü il 8 fevral tarixli qanunla təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini 3 ay müddətində hazırlamaq, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını 3 ay müddətində təmin etmək, habelə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə 5 ay müddətində prezidentə məlumat vermək tapşırılıb.
Qeyd edək ki, müvafiq dəyişikliyə əsasən “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”nin 38-ci maddəsinə “15 yaşı tamam olmamış Azərbaycan Respublikasının vətəndaşlarına fərdi identifikasiya kartının verilməsi üçün sənədləri qəbul etmək, həmin sənədləri müvafiq icra hakimiyyəti orqanına göndərmək və konsulluğa daxil olmuş kartı müraciət edən şəxsə təqdim etmək” sözləri əlavə edilib.
Bu qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.
Apa.az