Ombudsman Aparatı: Parlament seçkiləri demokratik, azad, şəffaf, ədalətli qaydada keçirilib
“Xalqımızın və demokratik hüquqi dövlət quruculuğu yolunu seçmiş müstəqil dövlətimizin həyatında xüsusi əhəmiyyət kəsb edən 1 noyabr 2015-ci il tarixdə keçirilmiş parlament seçkiləri uğurla başa çatıb”.
APA-nın xəbərinə görə, bu barədə Ombudsman Aparatının parlament seçkiləri ilə bağlı açıqlamasında deyilir.
Bildirilib ki, fəaliyyətinin əsas istiqamətlərindən biri də vətəndaşların seçki hüququnun müdafiəsi və təmin edilməsi vəziyyətinin öyrənilməsindən ibarət olan Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova və Ombudsman təsisatının mərkəzi aparatını, habelə regional mərkəzləri təmsil edən 42 əməkdaşı ötən illərdəki müsbət təcrübə nəzərə alınaraq, seçki prosesini Bakı şəhəri və ölkənin bütün regionlarını əhatə etməklə, çox sayda dairələrin seçki məntəqələrində müstəqil olaraq, özlərinin təşəbbüsü ilə qeydiyyatdan keçərək müşahidəçi qismində seçkilərə qatılıblar: “1 noyabr 2015-ci il tarixdə Müvəkkil və Aparatın əməkdaşları müstəqil müşahidəçi qismində Bakı şəhəri və ölkənin 52 rayonunda 101 seçki dairəsi üzrə 452 seçki məntəqəsində, o cümlədən qaçqın və məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrdə, Müdafiə Nazirliyinin bir sıra hərbi hissələrində, Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin cəzaçəkmə müəssisələrində səsvermə prosesini izləyiblər.
Ombudsman müstəqil müşahidəçi qismində paytaxtın hər bir rayonunda bir çox seçki dairələri üzrə seçki məntəqələrində, həmçinin 6 saylı cəzaçəkmə müəssisəsində, qadınlar üçün 4 saylı cəzaçəkmə müəssisəsində, hərbi hissədə təşkil edilmiş, habelə məcburi köçkünlər üçün yaradılmış məntəqələrdə səsvermə prosesini müşahidə edib, Penitensiar Xidmətin Tərbiyə müəssisəsində saxlanılan 18 yaşına çatmış gənclərin ilk dəfə səsverməsini şəxsən izləyib və onları təbrik edib. Eyni zamanda respublikanın müxtəlif bölgələrində müşahidəçi qismində səsvermə prosesində iştirak edən əməkdaşlardan hər saat məlumatları qəbul edərək vəziyyətə nəzarət edib”.
Qeyd olunub ki, müşahidələr zamanı Ombudsman həm seçki komissiyalarının üzvləri, seçicilər, həm də müşahidəçilərlə bilavasitə görüşüb və seçki prosesi ilə bağlı onların rəylərini öyrənib: “Yeri gəlmişkən, Elmira Süleymanova beynəlxalq qurumları və xarici ölkələri, o cümlədən Polşa, Yunanıstan, Rusiya Federasiyası, Pakistan və digər ölkələri təmsil edən müşahidəçilərlə görüşüb, onların təəssüratları ilə tanış olub. Qeyd olunmalıdır ki, görüşdüyü şəxslər seçkilərin əhalinin çox yüksək fəallığı ilə, nizam-intizamla, müvafiq qaydalar və standartlara uyğun olaraq keçirildiyini vurğulamış, heç bir irad söyləməyiblər. Ombudsmanın ünvanına hər hansı bir şikayət və müraciət daxil olmayıb.
Səsvermə günü Müvəkkil aparılan müşahidələrin nəticələrini ümumiləşdirir, MSK-nın Seçkilər İnformasiya Mərkəzinə gələrək, KİV-in və geniş ictimaiyyətin diqqətinə çatdırmış, mövzu ilə əlaqədar geniş müsahibələr verib”.
“Müşahidələrin nəticəsi onu deməyə əsas verir ki, ümumilikdə parlament seçkiləri əhalinin fəallığı şəraitində, demokratik, azad, şəffaf, ədalətli, qanunvericiliklə müəyyən edilmiş qaydada və nizam-intizamla keçirilib. Vətəndaşların seçki hüquqları təmin olunub, əlil, o cümlədən gözdən əlil seçicilər üçün seçki hüquqlarının həyata keçirilməsi ilə bağlı şərait yaradılıb. Seçkilərin nəticələrinə təsir göstərən pozuntu halları, hər hansı bir dövlət qurumunun rəsmiləri, icra hakimiyyəti nümayəndələri və polis tərəfindən qanun pozuntusuna yol verilmədən seçkilərə müdaxilə müşahidə edilməyib. Hər bir seçici sərbəst seçim edərək öz istədiyi namizədə səs verib”, – deyə məlumatda bildirlib.
Qeyd olunub ki, müxtəlif siyasi partiyaları, ictimai birlikləri, qeyri-hökumət təşkilatlarını təmsil edən, eyni zamanda müstəqil və bitərəf olan, o cümlədən çoxsaylı qadın müşahidəçilər də nizamla, bir-birinə qarşılıqlı hörmət ruhunda seçki prosesində iştirak edərək, öz vəzifələrini səlahiyyətləri çərçivəsində yerinə yetiriblər: “Müşahidə edilmiş bir sıra məntəqələrdə MSK tərəfindən veb-kameralar quraşdırılıb, seçkilərin bilavasitə izlənilməsi üçün real şərait yaradılıb. Ümumilikdə, parlament seçkiləri Seçki Məcəlləsinə uyğun həyata keçirilib, Azərbaycan Respublikasının hüquqi, demokratik dövlət quruculuğu, insan hüquq və azadlıqlarının təmin edilməsi, cəmiyyətimizin daha da demokratikləşməsi, idarəetmənin, milli qanunvericiliyin və seçki texnologiyalarının inkişafı, milli dövlətçilik ənənələrinin möhkəmləndirilməsi prinsiplərinə sadiq olduğu bir daha təsdiqlənib”.
Apa.az