Nur Xolis: Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır
Oktyabrın 24-də əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Firudin Sadıqov İndoneziya Respublikasının İnsan Hüquqları üzrə Milli Komissiyasının sədri Nur Xolisin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Firudin Sadıqov qaçqın və məcburi köçkün, itkinlər probleminin Azərbaycan üçün böyük problem olduğunu deyib. O əlavə edib ki, ölkəmiz bu problemlə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı rastlaşdı.
Firudin Sadıqov əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının strukturu və fəaliyyəti barədə məlumat verib. Bildirib ki, 1993-cü ildə Prezidentin Sərəncamı ilə yaradılan Komissiya 32 nəfərdən ibarətdir. Bu komissiyanın tərkibində Azərbaycanın bir çox nazirliklərinin rəhbər işçiləri, parlamentin üzvləri, mətbuat və QHT nümayəndələri var. Komissiyanın tərkibində daimi fəaliyyət göstərən İşçi Qrupu yaradılıb.
Diqqətə çatdırılıb ki, münaqişə nəticəsində itkin düşən Azərbaycan vətəndaşlarının sayı 4 mindən artıqdır. Onların əksəriyyəti mülki şəxslərdir. Bu isə 9 milyon yarım əhalisi olan bir ölkə üçün böyük rəqəmdir. Son illər Komissiyanın fəaliyyəti nəticəsində 1000 nəfərdən artıq itkinin taleyinə aydınlıq gətirilib. “Münaqişə başlayandan bəri biz 1434 insanı əsir və girovluqdan azad etməyə nail olmuşuq. Azərbaycanda itkinlərin sayı ona görə çoxdur ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dünyada baş verən silahlı münaqişələrin heç birinə bənzəmir. Azərbaycan ərazisinin 20 faizi işğal olunub. Zəbt edilən torpaqlarda bir nəfər də azərbaycanlı, bir kənd, şəhər belə qalmayıb. Beynəlxalq humanitar hüquq da mülki şəxslərin girov götürülməsini qadağan edir”, – deyə İşçi Qrupun rəhbəri bildirib.
Qeyd edilib ki, əsas vəzifəsi itkinlərin axtarışı, əsir-girov götürülmüş şəxslərin azad olunması, o cümlədən atəşkəsin pozulması və ya digər səbəblərdən həyatını itirmiş insanların cəsədlərinin qaytarılması işinin təşkili olan Dövlət Komissiyası beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq edir.
Görüşdə, həmçinin Ermənistan silahlı birləşmələrinin işğal etdiyi Kəlbəcər rayonunda öz doğma yurdlarını və ata-analarının məzarını ziyarət edərkən ermənilər tərəfindən girov götürülmüş, sonra isə separatçı Dağlıq Qarabağ rejiminin “məhkəməsinin qərarı” ilə barələrində “hökm” çıxarılmış azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı məlumat verilib. İşğalçı ölkənin bu barədə tutduğu mövqe Ermənistan tərəfindən beynəlxalq hüquq normalarına hörmətsizlik, onların kobud şəkildə pozulması və ciddi özbaşınalıq kimi dəyərləndirilib.
N.Xolis Dağlıq Qarabağ münaqişəsinin nəticələrinin çox ağır olduğunu deyib. O, azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarının pozulmasının, onların öz doğma torpaqlarına qayıda bilməməsinin böyük ədalətsizlik olduğunu vurğulayıb. Qonaq Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinin zəruriliyini vurğulayıb.
Söhbət zamanı Dağlıq Qarabağ münaqişəsi, itkinlərin axtarışı, əsir-girov götürülmüş şəxslərin azad olunması, həyatını itirmiş insanların cəsədlərinin qaytarılması ilə bağlı fikir mübadiləsi aparılıb, qonaqların sualları cavablandırılıb.
AZƏRTAC