Azərbaycan və Tacikistan arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub
Oktyabrın 20-də Tacikistanın İqtisadi İnkişaf və Ticarət Naziri, Tacikistan-Azərbaycan İqtisadi-Ticarət, Mədəni Əməkdaşlıq Məsələləri üzrə Hökumətlərarası Komissiyanın həmsədri Nematullo Hikmatullozode ilə Azərbaycanın Tacikistandakı Fövqəladə və Səlahiyyətli Səfiri Abbasəli Həsənov arasında görüş keçirilib.
Azərbaycanın Tacikistandakı Səfirliyindən Trend-ə daxil olan məlumata görə, görüşdə iki ölkə başçısı arasında səmimi dostluq, xalqlarımız arasında tarixən sıx mədəni-ticari əlaqələrin mövcudluğu məmnunluq hissi ilə qeyd olunub.
Nazir sonuncu dəfə cari ilin may ayında Bakıya səfər etdiyini və Azərbaycanın uğurlarının şahidi olduğunu bildirib.
Tərəflər iki ölkə arasında qarşılıqlı maraq doğuran bir sıra sahələri nəzərdən keçiriblər və iqtisadi-ticari əlaqələrin inkişafına, regional layihələrə dair məsələləri müzakirə ediblər. Qeyd olunub ki, Düşənbə-Bakı birbaşa hava reysinin bərpa edilməsi məsələsinin hələ də həll olunmaması Azərbaycanla Tacikistan arasında iqtisadi-ticari, elmi-mədəni sahələrdə geniş imkanların mövcudluğuna baxmayaraq bu istiqamətdə işlərin həyata keçirilməsinə böyük maneəçilik törədir.
Tərəflər həmçinin, İqtisadi-Ticari, Elmi-Mədəni Əməkdaşlıq Məsələləri üzrə Hökumətlərarası Komissiyanın 15 oktyabr 2014-cü ildə Düşənbədə keçirilən III iclasının yekun protokolunun icrası və növbəti IV iclasının keçirilməsi məsələləri ilə bağlı bir çox məsələlərə dair fikir mübadiləsi aparıblar.
Səfir A.Həsənov Azərbaycanın iqtisadi inkişaf göstəricilərinə dair həmsöhbətinə məlumat verərək, ölkəmizin investisiya qəbul edən ölkədən investisiya qoyan ölkəyə çevrildiyini və son illər ərzində başqa ölkələrə böyük həcmdə sərmayə yatırıldığını onun diqqətinə çatdırdı. Səfir əlavə etdi ki, Azərbaycan əldə etdiyi iqtisadi inkişaf təcrübəsini Tacikistanla bölüşməyə hazırdır.
Səfir A.Həsənov İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Tacikistanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqq mövqeyini ifadə edən qətnamənin qəbul edilməsində Azərbaycana yaxından dəstək verdiyinə görə təşəkkürünü bildirib.
Görüşdə yaxın zamanlarda istismara verilməsi nəzərdə tutulan Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin tikilməkdə olan digər bir regional layihə – Tacikistan-Əfqanıstan-Türkmənistan dəmiryolu layihəsi ilə gələcəkdə birləşdirilməsinin perspektivlərinə toxunulub. Bu layihələrin gerçəkləşməsi nəticəsində yaranacaq Asiya-Qafqaz-Avropa nəqliyyat dəhlizinin əhəmiyyəti vurğulanıb.
Trend.az