Bu ilin 9 ayında DSMF-yə daxil olan müraciətlərin sayı 27 faiz azalıb

Posted by

Bu ilin 9 ayında DSMF-yə daxil olan müraciətlərin sayı 27 faiz azalıbBu ilin 9 ayında DSMF-yə daxil olan müraciətlərin sayı 27 faiz azalıb

Bu ilin 9 ayında DSMF-yə daxil olan müraciətlərin sayı 27 faiz azalıb

Dövlət Sosial Müdafiə Fondunda (DSMF) vətəndaşlarla işin səmərəliliyinin daha da artırılması, fəaliyyətinin avtomatlaşdırılması və maarifləndirmə tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi nəticəsində 2015-ci ilin 9 ayı ərzində Fondun Aparatına vətəndaşlardan daxil olan müraciətlərin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 27 faiz azalıb.

 

DSMF-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, müasir informasiya texnologiyalarından istifadə etməklə interaktiv və informativ elektron xidmətlər vasitəsilə əhalini maraqlandıran, sığorta-pensiya sisteminə aid bütün məsələlərə aydınlıq gətirir. Bu sahədəki fəaliyyətin gücləndirilməsi məqsədilə 2015-ci ilin 9 ayı ərzində çoxsaylı mərkəzi və regional təqdimatlar təşkil olunub.

 

Bununla yanaşı, “Fərdi uçot əsaslı sosial sığorta sistemində iştirakınız etibarlı pensiya təminatınızdır” mövzusunda KİV arasında müsabiqə keçirilib. Həmçinin elektron xidmətlər mövzusunda xüsusi reklam çarxı hazırlanaraq televiziya kanallarında yayımlanıb. Kiçik ödəniş edən, mühasibatlığı avtomatlaşdırılmamış torpaq pay mülkiyyətçiləri, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin hesabatlarının elektron formada qəbulunu təmin etmək məqsədilə Fondun bütün yerli orqanlarında yardım masaları fəaliyyət göstərir.

 

Vətəndaşların müraciətlərinə elektron qaydada baxılması üç istiqamət üzrə – Fondun saytında yerləşdirilmiş sual-cavab bölməsi, vətəndaşlar tərəfindən Fondun saytında birbaşa ünvanlanan məktub və 190 nömrəli “Çağrı Mərkəzi” vasitəsi ilə həyata keçirilir.

 

Son təkmilləşdirilmə tədbirləri nəticəsində Fondun Çağrı Mərkəzinin fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 25 fevral tarixli 50 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili Qaydaları”nın tələblərinə uyğunlaşdırılıb və Çağrı Mərkəzi aprel ayından xüsusi avadanlıqla və avtomatlaşdırılmış sistemlə təchiz olunmuş müasir əsaslı yeni xidmət zalında fəaliyyət göstərir.

 

Çoxkanallı avadanlıqlarla təchiz olunmuş Çağrı Mərkəzi ilə ölkə ərazisində bütün sabit və mobil telekommunikasiya şəbəkələrindən birbaşa əlaqə saxlamaq mümkündür. Dövlət Sosial Müdafiə Fondunun Çağrı Mərkəzi universal telefon məlumat xidmətinə inteqrasiya olunub və hazırda bu məlumat xidməti üzərindən zəng vuran sahibkarlara məcburi dövlət sosial sığortası və elektron xidmət bölmələri üzrə telefon məlumat xidməti göstərilməsi həyata keçirilir.

 

Trend.az