Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası iqtisadiyyat nazirlərinin 5-ci görüşü keçirilib
Astanada Qazaxıstan Respublikasının milli iqtisadiyyat naziri Erbolat Dosayevin rəhbərliyi ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası iqtisadiyyat nazirlərinin 5-ci görüşü keçirilib.
APA-nın “zakon.kz” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Qazaxıstan Milli İqtisadiyyat nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Görüşdə Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekci, Azərbaycan iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov, Qırğızıstan iqtisadiyyat nazirinin müavini Daniyar İmanəliyev və Şuranın baş katibinin müavini Ömər Koçaman iştirak edib.
Türkdilli ölkələr arasında çoxtərəfli ticarət-iqtisadi əlaqələri, investisiya mühitinin yaxşılaşdırılması üçün işçi qruplarının qarşılıqlı fəaliyyəti, iqtisadiyyatın diversifikasiyası, sahibkarlığın inkişafı, birgə investisiya fondunun yaradılması kimi məsələlər görüşün gündəliyində əsas yer tutub.
Görüşün sonunda Şuraya üzv ölkələrin dövlət orqanları arasında investisiya statistikası sahəsində əməkdaşlıq, investisiya mühiti barədə təcrübə mübadiləsi, eləcə də, kiçik və orta sahibkarlığın inkişafı barədə Anlaşma memorandumları imzalanıb.
Apa.az