Mərkəzi Seçki Komissiyasında görüş keçirilib
Sentyabrın 21-də Avropa Şurası Parlament Assambleyasının Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilərin müşahidəsi üçün yaradılmış xüsusi komitəsinin üzvləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüblər.
Mərkəzi Seçki Komissiyası Katibliyinin media və ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, nümayəndə heyətini salamlayan MSK sədri rəhbərlik etdiyi qurumun nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən Avropa Şurası və onun müxtəlif qurumları ilə çoxillik əlaqələrinə daim önəm verdiyini məmnunluqla bildirib, seçkilərlə bağlı müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.
MSK-dakı səmimi qəbula görə təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri Xordi Şukla və qonaqlar bu il Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilərə hazırlıqla bağlı görülmüş işlərlə maraqlanıb.
Nümayəndə heyətinin suallarını cavablandıran Komissiya sədri vətəndaşlarımızın aktiv və passiv seçki hüquqlarının daha səmərəli təmin olunması üçün beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində həyata keçirilmiş tədbirlər, atılmış addımlar və nəzərdə tutulan layihələr barədə ətraflı məlumat verib.
Görüşdə, həmçinin müxtəlif sahələrdə qurumlararası əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
AZƏRTAC