İxtisassız əcnəbi miqrantların Azərbaycana axınının qarşısının alınması müzakirə olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) ölkəmizdə xarici vətəndaşlar üçün əmək miqrasiyasının innovativ rəqabətə davamlı milli iqtisadiyyatın formalaşdırılması tələblərinə uyğun olaraq təkmilləşdirilməsi məqsədilə Dövlət Miqrasiya Xidməti (DMX) ilə birgə hazırlanmış təkliflərin müzakirəsi keçirilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov hazırda siyasi və iqtisadi böhran prosesləri səbəbindən əksər ölkələrdə iqtisadi fəallığın və investisiya qoyuluşlarının azaldığını, belə şəraitdə çoxsaylı iş yerlərinin ixtisar edildiyini bildirib: “Azərbaycanda isə Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyası nəticəsində iqtisadi artım və ölkə iqtisadiyyatına investisiyaların yatırılması prosesi davam edir. Bu isə ölkəmizin əmək bazarının xaricilər üçün getdikcə daha cəlbedici olması, ölkəmizə gələn xarici işçi qüvvəsinin çoxalması ilə müşahidə olunur. Təkcə bu ilin birinci yarımilliyində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə xarici vətəndaşlara iş icazəsinə rəy verilməsi üçün Dövlət Miqrasiya Xidmətindən göndərilən müraciətlərin sayı 9357 ədəd olmaqla, ötən ilin müvafiq dövrünə nisbətən 11,8% çox olub. Lakin bu müraciətlərin yalnız 7%-ə yaxın hissəsinin yüksək ixtisaslı mütəxəssislərə aid olması təəssüf doğurur və milli əmək bazarının ixtisassız əcnəbi işçi qüvvəsindən qorunması, yüksək ixtisaslı mütəxəssislərin iqtisadiyyatımıza cəlb edilməsinin stimullaşdırılması məsələsini aktuallaşdırır”.
S. Müslümov bu məsələnin Azərbaycan Prezidentinin diqqətində olduğunu və dövlət başçısının 2014-cü il 24 dekabr tarixli Fərmanında bununla əlaqədar konkret tapşırığın verildiyini vurğulayıb: “Fərmanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Miqrasiya Xidmətinə milli əmək bazarında ixtisassız əcnəbi kadrların iştirakının qarşısının alınması və yerli əmək ehtiyatlarından səmərəli istifadə olunması məqsədilə əmək miqrasiyası kvotasının sərtləşdirilməsi, habelə ölkədə innovativ rəqabətə davamlı iqtisadiyyatın formalaşdırılması tələblərinə uyğun olaraq yüksək ixtisaslı əcnəbi mütəxəssislərin cəlb olunması (patentləşdirmə) mexanizminin yaradılması üçün təkliflərin hazırlanması tapşırılıb. Hər iki qurum tərəfindən müvafiq təkliflər artıq hazırdır və müzakirələr şəraitində onlar daha da təkmilləşdirilərək dövlət başçısına təqdim olunacaq”.
DMX-nin rəisi Firudin Nəbiyev ixtisassız əcnəbi miqrantların ölkəmizə axınının qarşısının alınması üçün qurumun həyata keçirdiyi tədbirlər barədə məlumat verib, hazırlanan yeni təkliflərin bu sahədə mexanizmin təkmilləşməsinə səbəb olacağını bildirib.
Tədbirdə hazırlanan təkliflər ətraflı müzakirə olunub. Təkliflərdə bir sıra prinsipial məqamlarla yanaşı, əmək bazarında ilk növbədə yerli işçi qüvvəsindən istifadəyə üstünlük verilməsi, yalnız müvafiq ixtisaslar üzrə yerli işçi qüvvəsi yetərli olmadığı halda həmin ixtisaslar üzrə iş yerlərinə əcnəbi işçi qüvvəsinin buraxılmasına icazə verilməsi məsələsi də əksini tapıb. Müzakirə zamanı bu məsələ ilə əlaqədar milli əmək bazarında iştirak üçün xarici işçi qüvvəsinə icazələrin verilməsi zamanı aidiyyəti informasiyaların əldə olunması üçün iki qurum arasında elektron məlumat mübadiləsinin həyata keçirilməsi, habelə əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sisteminin imkanlarından miqrasiya orqanlarının geniş istifadə edə bilməsi barədə razılıq əldə olunub.
Apa.az