Sabahdan dərman vasitələrinin Tarif Şurası tərəfindən təsdiqlənmiş yeni qiymətləri qüvvəyə minəcək
Sabahdan Tarif Şurası tərəfindən təsdiq edilmiş 25 təsiredici maddə üzrə (kombinə olunmuş dərman vasitələri istisna olmaqla) 1057 dərman vasitəsinin yeni qiymətləri qüvvəyə minəcək.
APA-nın xəbərinə görə, Tarif Şurasının qərarına əsasən həmin tarixdən etibarən qiymətləri təsdiq edilməyən qeyd olunan tərkibli dərman vasitələrinin satışı yalnız qiymətlər təsdiq edildikdən sonra həyata keçirilə bilər.
Tarif Şurasının 2015-ci il 30 iyul tarixində keçirilmiş iclasında 256 dərman vasitəsi üzrə qiymətlər təsdiq edilib. İclasda ilk mərhələdə həyati vacib və daha çox tələbat olan 25 təsiredici maddə üzrə 250-dən çox dərman vasitəsinin qiyməti təsdiqlənib. Hazırkı qiymətlərə nisbətən qiymətləri tənzimlənmiş dərman vasitələrinin 20 faizinin qiyməti 3 dəfədən, 40 faizdən artıq dərman vasitəsinin qiyməti isə 2 dəfədən çox, ümumilikdə isə qiymətləri tənzimlənmiş dərman vasitələrinin 90 faizinin qiymətləri enib. Şuranın 2015-ci il 25 avqust tarixində keçirilmiş növbəti iclasında isə daha 801 dərman vasitəsinin qiyməti müəyyənləşdirilib. Ümumilikdə, elan olunmuş 25 təsiredici maddə üzrə 1057 dərman vasitəsinin qiymətləri tənzimlənib ki, bunun nəticəsində hazırda satışda olan dərman vasitələrinin qiymətləri ilə müqayisədə 46% dərman vasitəsinin qiyməti 2 dəfədən çox, 24% dərman vasitəsinin qiyməti 3 dəfədən çox ucuzlaşdırılıb, bütövlükdə isə həmin tərkib üzrə satışda olan dərman vasitələrinin 94%-i üzrə qiymətlər aşağı salınıb. Bununla da, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin təqribən 15%-nin hazırkı qiymətlərlə müqayisədə əhəmiyyətli dərəcədə aşağı olan satış qiymətləri təsdiqlənib. Böyük sosial əhəmiyyət kəsb edən bu proses bütün dərman vasitələrinin qiymətləri tənzimlənənədək intensiv şəkildə davam etdiriləcək və bu ilin sonunadək əksər dərman vasitələri üzrə qiymətlərin tənzimlənməsi başa çatdırılacaq.
Qeyd edək ki, Tarif Şurasının son iclasında daha 55 yeni təsiredici maddə üzrə dərman vasitələrinin qiymətlərinin təsdiqlənməsi üçün sənədlərin (bəyannamələrin) qəbulu elan olunub və bunun üçün son müddət 2015-ci il sentyabr ayının 10-dək müəyyən edilib.
Apa.az