Nəqliyyat naziri şəhər nəqliyyatının işinin tənzimlənməsi ilə bağlı tapşırıqlar verib
Nəqliyyat Nazirliyində Azərbaycanın nəqliyyat-yol kompleksinə daxil olan sahələr üzrə 2015-ci ilin 8 ayı ərzində yerinə yetirilən işlərin yekunlarına, nəqliyyat-yol kompleksi üzrə 2016-cı ilin büdcə və proqnoz göstəricilərinə və digər məsələlərə həsr olunmuş müşavirə keçirilib.
Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, nəqliyyat nazirinin müavini cənab Musa Pənahov 2015-ci ilin 8 ayı ərzində nəqliyyat sektorunda aparılmış islahatlar, görülmüş işlər barədə danışıb. Müşavirədə «Azəryolservis» Açıq Səhmdar Səmiyyətinin sədr əvəzi Saleh Məmmədovun, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Elnur Abdullayevin, Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının Baş direktoru Taleh Ziyadovun hesabatları dinlənilib.
Nəqliyyat naziri Ziya Məmmədov vurğulayıb ki, sentyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanında keçirilən iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirədə nəqliyyat sektoruna aid səsləndirilmiş iradların aradan qaldırılması bundan sonrakı fəaliyyətimizin əsas istiqaməti olmalıdır.
Müşavirədə avtomobil yollarının tikintisi ilə məşğul olan şirkətlərin nümayəndələri də iştirak edib və nəqliyyat naziri Ziya Məmmədov bəzi yol layihələrinin icra müddətinin gecikdirilməsi, həmçinin yolların lazımi keyfiyyətdə çəkilməməsi ilə bağlı ciddi iradlarını bildirib, yarımçıq qalmış layihələrin bu ilin sonunadək başa çatdırılması barədə tapşırıqlar verib.
Müşavirədə, həmçinin, nazirliyin tabelində fəaliyyət göstərən digər qurumların da fəaliyyətində irəliləyişlərin olmasına baxmayaraq, hələ də qüsurların olduğu, dəmir yolunda, eləcə də taksi və avtobuslarla sərnişindaşımada bəzi problemlərin hələ də həll edilmədiyi vurğulanıb və şəhər nəqliyyatının işinin tənzimlənməsi ilə bağlı qısa müddət ərzində sistemli tədbirlər görülməsi ilə bağlı tapşırıqlar verilib.
Apa.az