Sabah deputatlığa namizədlərin qeydə alınması üçün sənədlərin təqdim edilməsi proseduru başlayır
Sentyabrın 12-dən Azərbaycanda Milli Məclis üzvlüyünə namizədlərin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyalarına təqdim edilməsinə başlanacaq.
APA-nın məlumatına görə, Seçki Məcəlləsinə əsasən parlament seçkilərində namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin təqdim edilməsinə səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18.00-dək vaxt ayrılmalıdır.
Milli Məclisə seçkilərlə əlaqədar namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi tərəfindən namizədlərin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin təqdim edilməsi üçün ayrılan müddət sentyabrın 12-dən başlayacaq, oktyabrın 2-də saat 18:00-da başa çatacaq.
Dairə seçki komissiyaları sənədlər qəbul olunduqdan sonra 7 gün müddətində imza vərəqələrində və təqdim edilən digər sənədlərdə olan məlumatların düzgünlüyünün yoxlanılması və namizədin qeydə alınıb-alınmaması haqqında qərar qəbul edəcək. Oktyabrın 12-dək isə Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınmış namizədlərin seçki dairələri üzrə siyahısının dövri nəşrlərdə dərc edilməsi təmin olunacaq.
Apa.az