Prezident İlham Əliyev İsveçrənin Azərbaycandakı səfirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 9-da İsveçrə Konfederasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Paskal Abişeri fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib.
Azərbaycan Respublikası ilə İsveçrə Konfederasiyası arasında dostluq münasibətlərinin mövcud olduğunu deyən dövlətimizin başçısı yüksək səviyyəli qarşılıqlı səfərlərin və görüşlərin əlaqələrimizin möhkəmləndirilməsi baxımından önəmini qeyd etdi, bu səfərlər və görüşlər zamanı məhsuldar danışıqların aparıldığını vurğuladı. Prezident İlham Əliyev əməkdaşlığımızın müxtəlif sahələrdə, o cümlədən iqtisadi, biznes, qarşılıqlı sərmayə qoyuluşu və digər sahələrdə genişləndirilməsindən məmnunluğunu ifadə etdi.
Səfir Paskal Abişer ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin uğurlu inkişafına toxunaraq iqtisadi sahədə həyata keçirilən birgə layihələrin bu əməkdaşlığın genişləndirilməsi işinə öz töhfəsini verdiyini bildirdi.
AZƏRTAC