Milli Məclisin deputatı Avropa Şurasında məruzə edəcək
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) növbəti payız sessiyası sentyabrın 28-dən oktyabrın 2-dək ənənəvi olaraq Strasburqda keçiriləcək. Sessiyanın əlamətdar cəhətlərindən biri də ondan ibarətdir ki, Azərbaycanın bu mötəbər təşkilatda həqiqi üzv kimi fəaliyyətinin 15 ili tamam olur.
Sessiyanın gündəliyinin ilkin layihəsi yayılıb. Burada Azərbaycanla bilavasitə bağlı olan hər hansı məsələnin müzakirəsi nəzərdə tutulmur. Lakin Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynovun mühüm əhəmiyyət kəsb edən bir problem üzrə məruzəsi sessiyanın proqramına daxil edilib.
Sentyabrın 30-da, sessiyanın üçüncü iş günündə R.Hüseynovun hazırladığı “Demokratik cəmiyyətdə etiqad azadlığı və birgəyaşayış” adlı məruzə dinləniləcək. Son illərdə Avropa Şurasında intensiv şəkildə davam edən mədəniyyətlərarası və dinlərarası dialoq məsələsinin bir sıra xüsusi diqqət cəlb edən, bəzən isə mübahisələr və qarşıdurmalar yaradan məqamları məruzədə əksini tapıb. Avropa Şurasının rəsmi internet saytında R.Hüseynovun həmin məruzəsinin mədəniyyət, elm, təhsil və media komitəsində ilkin layihəsinin müzakirəsi və təsdiqi, eləcə də hesabatda mürəkkəb problemin əhatə etdiyi suallara cavablar verilməsi ilə əlaqədar ayrıca məqalə də yerləşdirilib. “Komitə maneəsiz və diskriminasiyasız etiqad azadlığının tərəfdarıdır” sərlövhəli həmin təhlildə Milli Məclisin deputatınin müəllifi olduğu bu araşdırma yüksək qiymətləndirilir.
Azərbaycanlı deputatın təqdim etdiyi məruzə Avropa xalqlarının birgəyaşayışında qarşılıqlı ehtiram və anlaşmanın artması işinə, dinlərarası münasibətlərin daha tolerant mühitinin bərqərar olmasına ciddi töhfə kimi dəyərləndirilir. Eyni zamanda, Avropa Şurasının saytında yer alan həmin rəsmi mövqedə R.Hüseynovun məruzəsində dini təcrübələrlə bağlı Avropa cəmiyyətində fikir müxtəliflikləri ilə qarşılanan, qanunvericilikdəki boşluqlarla əlaqədar mübahisələrə səbəb olan müəyyən məsələlərin də uğurla həll edildiyi, bütün bunların qətnamə layihəsində əksini tapdığı qeyd edilir.
Sessiyanın gündəliyinə daxil edilmiş hesabat deputat R.Hüseynovun AŞPA-dakı 15 illik üzvlüyümüz dövründə hazırlamış olduğu 14-cü məruzədir ki, bu da ölkəmizlə Avropa Şurası arasında səmərəli əməkdaşlığın, Azərbaycan nümayəndə heyətinə bu qurumda inam və etibarın bariz göstəricisidir.
AŞPA-nın payız sessiyasının gündəliyində “Assambleyada monitorinq prosesinin inkişafı”, “Tranzit ölkələr: miqrantların qarşılanması və sığınacaq problemi”, “2014-2015-ci illərdə İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının fəaliyyətləri”, “Antidopinq siyasətinin yenidən nəzərdən keçirilməsi”, “Pasiyentlərin və ictimai sağlamlığın əczaçılıq sənayesindəki qeyri-hüquqi təsirlərindən qorunması” və digər ümumavropa səciyyəli məruzələrin dinlənilməsi və müzakirə edilməsi də nəzərdə tutulur.
AZƏRTAC