Ermənistan ordusunun cəbhəyanı yaşayış məntəqələrini və dinc əhalini atəşə tutması barədə ATƏT nümayəndələri məlumatlandırılıb
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Saymon Tiller və Piter Svedberq bu gün Ağcabədi rayonunda olublar.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, qoşunların təmas xəttində monitorinq keçirmək üçün bölgəyə səfər edən qonaqlar əvvəlcə Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovla görüşüblər.
Onlara Ermənistan ordusunun cəbhə xəttində yaratdığı gərginlik barədə məlumat verilib. Bildirilib ki, erməni tərəfi Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri ilə yanaşı, yaşayış məntəqələrini və təsərrüfat işləri ilə məşğul olan dinc əhalini mütəmadi olaraq atəşə tutur, bu səbəbdən cəbhəyanı kəndlərin sakinlərinin yaşayışı dözülməz həddə çatıb.
ATƏT nümayəndələri daha sonra müşahidələr aparmaq üçün cəbhə xəttinə yollanıblar.
Apa.az