“Qaz təchizatı haqqında” Qanunda dəyişikliklər müzakirə edilib
İyunun 10-da Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında “Qaz təchizatı haqqında” Qanunda dəyişikliklər edilməsi barədə” qanun layihəsi müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, Milli Məclis sədrinin müavini, komitənin sədri Valeh Ələsgərov iclasda çıxış edərək son illər respublikamızda qaz təchizatı sahəsində mühüm işlərin görüldüyünü bildirib, bu sahənin tənzimlənməsi üçün qanuna əlavə və dəyişikliklərə ehtiyacın olduğunu söyləyib. O, vurğulayıb ki, son 6 ildə yaşayış məntəqələrinin və massivlərinin qazlaşdırılması məqsədilə 24 qazpaylayıcı stansiya tikilib, 29 min 519 kilometrlik yeni qaz kəmərləri quraşdırılıb. Ölkənin müxtəlif bölgələrini əhatə etməklə 760 yaşayış məntəqəsi qazlaşdırılıb. 2009-2015-ci illərdə 600 min yeni əhali abunəçisi qeydiyyata alınaraq təbii qazla təmin olunub. Təbii qazdan istifadə edən abunəçilərin sayı 1 milyon 756 min 464-ə çatıb. Hazırda “smart-kart” tipli sayğaclarla təmin olunmuş abunəçilərin sayı 917 min 293-ə çatıb ki, bu sayğacla abunəçilərin 52 faizi əhatə edilib. Ötən dövrdə təbii qazla təmin olunan istehlakçıların sayğaclaşma səviyyəsi 100 faizə çatdırılıb. Hazırda bu istiqamətdə islahatlar davam etdirilir.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndəsi Vüqar Eyvazov və “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev əlavə və dəyişikliklər barədə məlumat verərək bildiriblər ki, qanun layihəsi qaz təchizatı sahəsində tələblərin və yeni qaydaların tətbiqi ilə əlaqədar hazırlanıb.
Çıxış edən deputatlar əlavə və dəyişikliklərin zəruriliyini diqqətə çatdırıb, müvafiq təkliflər səsləndiriblər.
Sonda qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.
AzərTac.az