Mayda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Çağrı mərkəzi” 8 mindən çox müraciəti cavablandırıb
Bu ilin may ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 – “Çağrı mərkəzi”nə 8 029 müraciət daxil olub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, onlardan 3 214-ü (40,03%) sosial təminat, 2 126-ı (26,47%) əmək qanunvericiliyi, 1 204-ü (15%) nazirliyin elektron xidmətlərindən istifadə, 838-i (10,44%) tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası, 647-i (8,06%) məşğulluq məsələləri üzrə olub. “Çağrı mərkəzi”nə daxil olan müraciətlərin 7 438-i (92,6%) qeyd olunan məsələlərə dair sorğulardan ibarət olub və həmin sorğularla əlaqədar vətəndaşlara müvafiq məsələlərə dair hüquqi izahatlar verilib.
Digər müraciətlərdə isə əmək, məşğulluq, sosial təminat məsələləri ilə əlaqədar təklif və şikayətlər ifadə olunub ki, həmin müraciətlər müraciət vərəqəsi əsasında araşdırılmaq üçün nazirliyin müvafiq struktur bölmələrinə yönəldilib.
May ayında 142-“Çağrı mərkəzi”nə daxil olan müraciətlərin sayı əvvəlki aprel ayı ilə müqayisədə 21,58% azalıb. O cümlədən müraciətlərdə azalma sosial təminat məsələləri üzrə 21,60%, əmək qanunvericiliyinə əməl olunması məsələləri üzrə 18,76%, nazirliyin elektron xidmətlərindən istifadə məsələləri üzrə 23,98%, tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası məsələləri üzrə 20,86% və məşğulluq məsələləri üzrə 26,39% təşkil edib.
Apa.az