Komitə: Qeyri-qanuni tikintilərin aparılmasının qarşısının alınması istiqamətində tədbirlər intensivləşəcək
Əmlak Məsələləri Dövlət Komitəsinin yeni əsasnaməsi təsdiq edilib.
Komitədən “APA-Economics”ə verilən məlumata görə, təsdiq olunan əsasnamə ilə dövlət torpaq kadastrı, yer quruluşu, torpaqların dövlət idarəetməsinin təşkili, torpaq bazarının təşkili, torpaqlardan istifadəyə dövlət nəzarəti kimi yeni fəaliyyət istiqamətləri müəyyən edilib.
Qurumun yeni əsasnaməsi həm dövlət, həm də vətəndaş prizmasından özündə bir sıra sosial-iqtisadi və hüquqi əsasları təmin edir. Bu əsaslar mülkiyyət hüquqlarının tənzimlənməsində həm dövlətin, həm də vətəndaşın mülkiyyət mənafelərinin tam təmin olunmasına zəmin yaradır.
Yeni qaydalara əsasən, mülkiyyət hüquqlarının tənzimlənməsində vahid mərkəzdən idarəçilik prinsipinin tətbiqinə başlanacaq. Yəni vətəndaşlar yalnız bir ünvana müraciət etməklə onlara məxsus daşınmaz əmlakları dövlət reyestrində qeydiyyata aldıra biləcəklər.
Fərmana əsasən, torpaq sahələrindən əsassız və qeyri-qanuni istifadə hallarının, torpaq qanunvericiliyinə zidd özbaşına tikintilərin aparılmasının qarşısının alınması istiqamətində tədbirlər intensivləşəcək. Torpaqların elmi əsaslarla idarə edilməsi, dövlət idarəetməsinin təkmilləşdirilməsi təmin ediləcək. Kənd təsərrüfatı təyinatlı torpaqların sahiblərinə subsidiyaların, kreditlərin verilməsində belə sahələrin həcminin və digər göstəricilərinin düzgün müəyyənləşdirilməsi ilə bağlı müvafiq işlər icra olunacaq. Torpaq sahələrinin dəqiq sərhədlərinin təyin edilməsi sahəsində daha optimal və şəffaf tədbirlər həyata keçiriləcək.
Yeni prosedurların digər üstünlüyü bütün kateqoriyalı torpaqların elektron uçotu, xəritələşməsi və məlumat bankının yaradılmasıdır. Elektron torpaq uçotu torpaq sahələrinin təkcə fiziki sərhədlərinin uçotunu deyil, həm də onların keyfiyyət göstəricilərini nəzərə alır. Bu barədə məlumatların vahid elektron bazada olması ölkə üzrə vahid mərkəzdən torpaqların idarə olunması, mühafizəsi, istifadəsi və münbitliyinin artırılması üzrə kompleks tədbirləri həyata keçirməyə imkan yaradacaq.
Fərmanda əksini tapmış mühüm müddəalardan biri də torpaq inhisarçılığının qarşısının alınmasıdır. Torpaq sahələrində mövcud inhisarçılıq hallarının aradan qaldırılması, hər hansı inhisarçılıq mövqeyinə yol verilməməsi məqsədilə kompleks tədbirlər həyata keçiriləcək. İnhisarçılığın qarşısının alınması torpaqların keyfiyyətli istifadəsini, torpaq istifadəsindən gəlirlərin əldə olunmasını, real torpaq istifadəçilərinin sosial rifahının və iqtisadi durumunun yaxşılaşmasını təmin edəcək.
Apa.az