Azərbaycanda “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə dəyişiklik edildi
Azərbaycan Prezidenti İlham Əliyev “Hərbi qulluqçuların statusu haqqında” qanuna edilən dəyişikliklərlə bağlı “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişiklikləri təsdiq edib.
Trend-in məlumatına görə, dəyişikliklərə əsasən, Əsasnamənin 154-cü maddəsinə aşağıdakı məzmunda altıncı hissə əlavə edilib:
“Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə qulluq edən hərbi qulluqçular (hərbi attaşelər, hərbi nümayəndələr və onların köməkçiləri istisna olmaqla), habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda beynəlxalq hərbi təlimlərə, antiterror, xilasetmə və xidməti zərurətlə bağlı digər tədbir və ya əməliyyatlara cəlb olunan müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçular müvafiq icra hakimiyyəti orqanlarının rəsmiləşdirilmiş icazəsi olduqda Azərbaycan Respublikasından gedə bilərlər”.
Trend.az