Karin Strenzi: Azərbaycan ərazilərinin erməni işğalı altında qalması beynəlxalq hüquqa ziddir və status-kvo qəbuledilməzdir

Posted by

Karin Strenzi: Azərbaycan ərazilərinin erməni işğalı altında qalması beynəlxalq hüquqa ziddir və status-kvo qəbuledilməzdirKarin Strenzi: Azərbaycan ərazilərinin erməni işğalı altında qalması beynəlxalq hüquqa ziddir və status-kvo qəbuledilməzdir

Karin Strenzi: Azərbaycan ərazilərinin erməni işğalı altında qalması beynəlxalq hüquqa ziddir və status-kvo qəbuledilməzdir

Almaniya Xristian Demokratlar Birliyi (XDB) və Xristian Sosialistlər Birliyi (XSB) Partiyasının üzvü, Bundestaqda (parlament) Müdafiə və İdman komitələrinin üzvü, Cənubi Qafqaz üzrə Dostluq Qrupunun sədri, eləcə də Almaniyanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Karin Strenzi “TV Berlin” kanalının “Aus dem Bundestag” verilişinə müsahibə verib.

 

Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) Trend-ə verilən məlumata görə, müsahibədə Almaniya-Azərbaycan əlaqələrindən, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın yaxından iştirak etməsindən, ölkəmizin Avroatlantik məkana inteqrasiya olunmasından, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edilir.

 

K.Strenzi müsahibəsində bildirib ki, onda Cənubi Qafqaz regionuna qarşı xüsusi münasibət yaranıb. Onun fikrincə, Cənubi Qafqaz əlverişli geosiyasi mövqeyi baxımından Avropa üçün böyük əhəmiyyət kəsb edir. O bu baxımdan Bundestaqın Cənubi Qafqaz üzrə Dostluq Qrupunun hər üç ölkə ilə sıx işlədiyini deyib.

 

Millət vəkili Azərbaycana rəğbətinin ötən ilin əvvəlindən etibarən yarandığını qeyd edib. K.Strenzinin sözlərinə görə, onun Azərbaycana ilk səfəri 2010-cu ildə baş tutub. O, ölkəmizdə keçirilən parlament seçkilərini müşahidə etmək üçün Avropa Şurası Parlament Assambleyasının müşahidəçilər qrupunun tərkibində gəldiyini bildirib:

“Mənim Azərbaycana ilk baxışdan olan rəğbətim ötən ilin əvvəlində yarandı. Bu ölkəyə olan səfərimdən sonra ürəyimin bir hissəsi orada qalıb. Bu ölkədə sürətli inkişaf baş verib. Azərbaycan həm mədəni, həm də iqtisadi nöqteyi-nəzərdən heyrətamiz ölkədir. Bakı isə çox gözəl şəhərdir”.

 

Almaniyanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolundan bəhs edən K.Strenzi bildirib: “Azərbaycanla yaxın münasibət qurmağımız çox vacibdir və biz bu münasibətləri inkişaf etdirmək niyyətindəyik. Parlament qrupunun məqsədi Azərbaycanda parlament üzvləri ilə görüşmək və ölkədəki inkişaf və sosial tendensiyalar barədə müzakirələr aparmaqdır”.

 

Ölkəmizin Avroatlantik məkana inteqrasiya olunmasından söz açan aparıcı Azərbaycanın özünü Avropanın bir hissəsi kimi gördüyünü deyib: “Bunu “Avroviziya” mahnı müsabiqəsindən də görə bilərik. Azərbaycan bu müsabiqədə bir neçə il bundan əvvəl qalib gəlib. Sual bundan ibarətdir: Azərbaycan Avropadan nə qədər uzaqdadır ? Coğrafi cəhətdən kifayət qədər uzaqda yerləşir. Buna baxmayaraq, azərbaycanlılar deyir ki, biz özümüzü həqiqətən də avropalı kimi hiss edirik”.

 

K.Strenzi qeyd edib ki, azərbaycanlılar çox qürurlu və suveren xalqdır, onlar çox müstəqildir: “Eyni zamanda, onlar Avropaya çox meyl edirlər. Belə ki, onların yalnız Almaniya ilə deyil, həmçinin digər Avropa ölkələri ilə güclü əlaqələri var. Təbii ki, Avropanın iqtisadi inkişaf modeli nümunəvi bir modeldir. Onlar istiqamət axtarırlarsa, bunu yalnız dəstəkləmək və buna mümkün qədər yardım etmək olar”.

 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinini sülh yolu ilə nizamlanması prosesinə toxunan K.Strenzi deyib ki, bu məsələ bütün görüş və müzakirələrdə gündəmə gəlir: “Dağlıq Qarabağ demək olar ki, artıq uzun müddətdir unudulmuş bir regiona çevrilib. Siz (müxbir nəzərdə tutulur – red.) insanlarla danışanda və bu münaqişəyə istinad edəndə ilk sual belə olur: “Aman Allah, bu, dəqiq harada idi?” Təbii, mənim də ağlımda bu sual var idi. Axı bura haradır? Dağlıq Qarabağ Azərbaycanın ərazisi olan bir regiondur. Bu region ermənilər tərəfindən zəbt edilib. Bu məsələyə beynəlxalq hüquq çərçivəsində aydınlıq gətirilib. Ermənilərin buna baxışı isə tam fərqlidir. Belə ki, bu ölkələr və bu ölkələrin yüksək səviyyəli nümayəndələri arasında çox böyük ünsiyyət problemi var və biz danışıqlar aparmağa çalışırıq. Biz həm də bunu nəzərimizdə saxlamalıyıq ki, Dağlıq Qarabağ çox gözəl bir regiondur, onun ərazisi dörd min kvadratkilometr təşkil edir. Bu, biz almanlar üçün yəqin ki, daha çox başadüşüləndir. Nəzərə alaq ki, bu region Almaniyanın Saar torpağından (ərazi vahidi) iki dəfə böyükdür. Bundan əlavə, bu, çox gözəl regiondur. Təəssüf ki, orada yaradılmış süni sərhədlərə görə azərbaycanlılar bu əraziyə daxil ola bilmir. Bu, çox ağrılı məsələdir və biz danışıqları davam etdirməyə çalışırıq. Ona görə ki, çox vaxt Cənubi Qafqazda olduğu kimi, bu münaqişə dondurulmuş münaqişə deyil.

 

Biz danışıqlar prosesinin diplomatik müstəvidə davam etməsinin tərəfdarıyıq. Biz hər iki ölkənin diplomatları ilə mütəmadi olaraq görüşlər keçiririk. Azərbaycanın özündə də rəsmilərlə müzakirələr aparırıq. Mən şəxsən Azərbaycan Prezidenti İlham Əliyevlə üç dəfə görüşmüşəm. Onların çox aydın fikirləri var. Biz unutmamalıyıq ki, öz tariximizə əsasən özümüz üçün çox yüksək standartlar müəyyən etmişik – xüsusilə, münaqişənin qan axıtmadan, diplomatik yollarla həlli sahəsində. Münaqişədə olan iki tərəf bir-biri ilə danışmaq istəməyəndə vəziyyət mürəkkəbləşir. Münhen Təhlükəsizlik Konfransını yada sala bilərik. Konfransın gedişində bu məsələni müzakirə etmək üçün biz iki prezidenti bir araya gətirməyi təklif etdik.

Mənim Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüm olub. Onun da çox aydın fikirləri vardı. Düşünürəm ki, bu münaqişənin həlli hələ də vaxt tələb edəcək”.

 

Dağlıq Qarabağ münaqişəsinə daha dərindən baxmağı tövsiyə edən almaniyalı deputat erməni silahlı qüvvələri tərəfindən zəbt olunmuş ərazilərin Azərbaycan ərazisinin beşdə bir hissəsinə bərabər olduğunu vurğulayıb. Bundan əlavə, o, Dağlıq Qarabağın ətrafında yerləşən daha 7 rayonun da Ermənistan tərəfindən zəbt olunduğu haqda məlumat verib.

 

K.Strenzi “TV Berlin”in aparıcısının “Təqribən 1 milyon insan öz daimi yaşayış yerlərindən məcburi olaraq köçürülüb. Deməyə ehtiyac yoxdur ki, onlar öz vətənlərinə qayıtmaq istəyirlər. Bəs işğaldan 20 il keçəndən sonra da nə üçün bu münaqişənin həlli istiqamətində hələ də heç bir irəliləyişə nail olunmayıb? Ermənilər bunu istəmirmi?” sualına cavabında bəyan edib ki, ermənilər azərbaycanlılarla əlaqə qurmağa faktiki olaraq cəhd etmirlər. O, bu məsələnin Ermənistan səfirliyi ilə müzakirə etməyə cəhd etdiyini və müqavimətlə qarşılaşdığını deyib. Bu isə təəssüf doğuran bir haldır.

 

Millət vəkili danışıqlar prosesinin ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə davam etdiyini və həmsədr ölkələrin böyük səylər göstərdiyini vurğulayıb. Eyni zamanda danışıqlar prosesində heç bir irəliləyişin əldə olunmadığını etiraf edib. Onun sözlərinə görə, ermənilər hərəkət etmir, azərbaycanlılar isə fikirlərində qətidir.

 

K.Strenzi bir daha vurğulayıb ki, ermənilər hərəkət etmək istəmirlər. Onlar həmin ərazini öz dövlət əraziləri hesab edirlər. Problem ondadır ki, bir çox erməni ailələri hazırda həmin ərazilərdə məskunlaşıb. Təbii ki, bu məsələ də münaqişəni daha da gücləndirir.

 

Millət vəkili sual edir: hazırda orada yaşayan insanları köçürmədən ərazini necə geri qaytarmaq olar?!

 

Azərbaycanlılarla ermənilərin bir yerdə çox yaxşı yaşaya biləcəklərini təsəvvür etdiyini dilə gətirən K.Strenzi bildirib ki, lakin son 25 il ərzində bu münaqişə daha da intensivləşib: “Münaqişə nəticəsində insanların bir-birinə qarşı nifrəti hər iki tərəfdə doktrinaya çevrilib. Bu isə hər şeyi daha da mürəkkəbləşdirir və bizim hamımızı qəti mövqe tutmağa, danışıqlar aparmağa çağırır. Xüsusilə Krım böhranı və Ukrayna böhranı fonunda bu cür çağırışlar Azərbaycan, Gürcüstan və ya Moldova kimi ölkələrdən gəlir. Burada münaqişələr Dnestryanı, Cənubi Osetiya və Abxaziyada baş verir. Onlar deyirlər ki, biz hələ də buradayıq. Bu münaqişənin həllinin açarı Rusiyadadır”.

 

Ermənistan ordusunun və Dağlıq Qarabağdakı erməni silahlı birləşmələrinin Rusiya hərbi-sənaye kompleksinin ən müasir avadanlığı ilə təchiz olunduğu haqda məlumat verən Bundestaq üzvü qeyd edib ki, onlar həmçinin çox yaxşı təlim keçiblər və Rusiyadan heyət dəstəyi də alırlar.

 

Onun fikrincə, hazırkı böhran fonunda bu, əslində mövcud olmamalıdır. Onsuz da mövcud olmamalı olan süni sərhədlər heç bir santimetr də artmamalıdır.

 

Almaniya Bundestaqının Cənubi Qafqaz üzrə Dostluq Qrupunun sədri hesab edir ki, ilk növbədə münaqişə tərəfləri bir-biri ilə dialoqa hazır olmalıdır. Onların bir masa arxasında oturmaq üçün istəyi olmalıdır: “Heç bir tərəf simasını itirmək istəmir. Hər şey olduğundan daha mürəkkəbdir. Biz münaqişədə olan tərəfləri bir masa arxasında oturtmağa çalışırıq. Bizim bir sıra parlament üzvlərimiz mütəmadi olaraq Ermənistana səfərlər edir. Erməni həmkarları ilə, yüksək səviyyəli siyasətçilər və nazirlərlə müzakirələr aparırlar”.

 

Xanım K.Strenzi müsahibə zamanı kəlbəcərli girovlular məsələsinə də öz münasibətini bildirib. Onun fikrincə, hər bir insanın sülh şəraitində və əcdadlarının torpağında yaşamaq hüququ var. Məsələn, belə hallar da olub ki, azərbaycanlılar işğal olunmuş ərazilərə daxil olmaq istəyiblər. Bu insanlar ata-babalarının və qətlə yetirilmiş qohumlarının məzarını artıq ziyarət edə bilmirlər.

 

Millət vəkili bu vəziyyəti qəbuledilməz hesab edir: “Bu, insan faciəsidir və bu cür problemlər bizə təsir etməyə bilməz. Hazırda erməni işğalçı qüvvələrinin Dağlıq Qarabağı və ətraf əraziləri dərhal tərk etməsi üçün Avropa İttifaqı, Almaniya Bundestaqı və BMT kimi mötəbər beynəlxalq qurumlar səylər göstərir”.

 

K.Strenzi aparıcının “bəs nə üçün heç nə baş vermir?” sualına cavab olaraq bildirib ki, ermənilər həmin əraziləri tərk etməyə səy göstərmirlər.

 

Millət vəkilinin dediklərindən: “Burada bir fakt da var ki, biz yeni hərbi münaqişənin alovlanmasını istəmirik. İşğal olunmuş ərazilərin heç olmasa birinin geri qaytarılmasını təmin etmək üçün əlimizdən gələni edəcəyik. 1992-ci ildə ATƏT-in Minsk qrupu yaradılanda münaqişənin həlli yollarını axtarmaq üçün danışıqlar aparılırdı. Ən azı qrupun səyləri nəticəsində 1994-cü ildə silahlı münaqişəyə son qoyuldu və atəşkəs rejimi elan olundu. Bəli, bu, böyük nailiyyətdir. O vaxtdan bəri danışıqlar prosesinin davamlı olmasına baxmayaraq biz gözlədiyimiz qədər uğurlu olmayıb. Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttindəki gərginlik Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini pozur. Əgər bir-iki helikopter Ermənistan tərəfdən sərhədi keçərsə, Azərbaycan tərəfi təbii ki, hər zaman özünümüdafiə mövqeyini tutacaq. Almaniya Bundestaqının mövqeyi ondan ibarətdir ki, Azərbaycan ərazilərinin erməni silahlı birləşmələri tərəfindən işğal altında saxlanması beynəlxalq hüquqa ziddir və münaqişənin status-kvo vəziyyəti qəbuledilməzdir”.

 

Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın yaxından iştirak etməsini yüksək qiymətləndirən K.Strenzi müsahibənin sonunda ölkəmizin həm də etibarlı strateji tərəfdaş olması haqqında söhbət açıb.

 

Müsahibənin sonunda aparıcının beynəlxalq Nobel mükafatının Alfred Nobelin Bakıdakı keçmiş neft biznesi hesabına maliyyələşməsi haqqında çox az adamın məlumatlı olması şərhinə münasibət bildirən K.Strenzi deyib: “O zaman dünyadakı neftin əhəmiyyətli hissəsi Azərbaycanda – Bakıda hasil olunurdu. Təkcə bu fakt Azərbaycanın bir enerji təchizatçısı kimi bizim üçün nə dərəcədə əhəmiyyətli olduğunu göstərir. Ukrayna vasitəsilə artıq qaz ala bilməyəcəyimizi nəzərə alsaq, bu məsələnin əhəmiyyəti bizim üçün daha da artır”.

 

Trend.az