Dövlət Sərhəd Xidmətinin çevik hərəkət bölmələrinin və aviasiya qüvvələrinin təlimləri başa çatdı
2015-ci ilin döyuş hazırlığı proqramına uyğun olaraq “Azərbaycan Respublikasının dövlət sərhədini pozmuş düşmənin qoşun qruplarının və terror-təxribat dəstələrinin zərərsizləşdirilməsi” mövzusunda Dövlət Sərhəd Xidmətinin (DSX) çevik hərəkət bölmələrinin və aviasiya qüvvələrinin iştirakı ilə 2015-ci ilin may ayının 15-dən 21-dək “Ağgöl” səhra təlim mərkəzində irimiqyaslı taktiki təlimlər keçirilib.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Trend-ə verilən məlumata görə, təlimlərin əsas məqsədi Azərbaycan Respublikasının Prezidenti, Silahli Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırıqlarının icrası, şəxsi heyətə Vətənə məhəbbət, qələbəyə inam, döyüş zamanı dözümlülük, mətanətlik və qorxmazlıq vərdişlərinin aşılanması, eləcə də çevik hərəkət bölmələri və aviasiya qüvvələri arasında əlaqələndirmənin və idarəetmə orqanlarının real döyüş şəraitində birgə fəaliyyətinin təkmilləşdirilməsi olub.
Döyüş atışlı təlimlərin üçüncü mərhələsi Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının komandanı general-polkovnik Elçin Quliyevin rəhbərliyi altında həyata keçirilib.
Üç mərhələdə keçirilən təlimlərin ssenarisinə əsasən DSX-nin qüvvə və vasitələri tərəfindən şərti düşmənin dövlət sərhədini pozmuş qoşun qrupları zərərsizləşdirilib və dövlət sərhədi bərpa edilib. Üçüncü mərhələnin başlanğıcında pilotsuz uçuş aparatı vasitəsilə düşmən qüvvələrinin yerləşməsi müəyyən edildikdən sonra düşmən arxasında kəşfiyyat fəaliyyətini həyata keçirmək məqsədi ilə təyyarə və helikopterlərdən paraşütlərlə desantın atılması təmin edilib. Hava desantının uğurlu əməliyyatından sonra şərti düşmənin dayaq məntəqələrinə və dövlət sərhədini pozmuş zirehli texnikalarına qarşı döyüş helikopterlərindən və zenit artilleriya qurğularından açılan atəşlərlə onların irəliləməsinin qarşısı alınıb. Düşmən qruplarına havadan dəstək üçün göndərilmiş döyüş helikopterləri daşınan zenit-raket kompleksləri vasitəsilə məhv edilib. Düşmən hücumunun qarşısını alan qüvvələrimiz atəş üstünlüyünü əldə etməklə çevik hərəkət bölmələrinin sürətli əks hücuma keçməsinə şərait yaradıb.
Daha sonra zirehli texnikalar üzərində hücuma keçən bölmələrimiz düşmənin dayaq məntəqələrində yerləşən canlı qüvvəsini və zirehli texnikalarını sərrast atışlarla məhv ediblər. Təlimlərdə döyüş əməliyyatları zamanı helikopterlər vasitəsilə döyüş bölgəsinə əlavə qüvvələrin çatdırılması və yaralıların təxliyyə edilməsi elementləri də uğurla işlənilib. Təlimlər zamanı bölmələrin real döyüş şəraitində idarə olunmasına, çevik hərəkət qüvvələri və aviasiya bölmələri arasında yüksək qarşılıqlı fəaliyyətə nail olunub.
Təlimlər vaxtı zenit qurğularından, helikopterlərdən, minaatanlardan, iri çaplı pulemyotlardan, qumbaraatanlardan döyüş atışları və raket buraxılışları müvəffəqiyyətlə həyata keçrilib. Şəxsi heyət tərəfindən möhkəm intizam, yüksək peşəkarlıq və döyüş hazırlığı nümayiş etdirilib, döyüş atışı vərdişləri təkmilləşdirilib. DSX-nin çevik hərəkət bölmələri və aviasiya qüvvələri qarşiya qoyulmuş döyüş tapşirıqıqlarını uğurla yerinə yetirib, təlim müvəffəqiyyətlə başa çatıb.
Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının komandanı general-polkovnik E.Quliyev təlimdə iştirak edən şəxsi heyəti qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirdiklərinə görə təbrik edib, döyüş hazırlığının daha da yüksəldilməsi üzrə bölmələr qarşısında yeni tapşırıqlar müəyyən edib, Azərbaycan sərhədçilərinin Azərbaycan Respublikasının Prezidenti, Silahli Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən qarşıya qoyulan bütün tapşırıqlari şərəflə icra etməyə daim hazır olduqlarını xüsusi vurğulayıb.
Trend.az