Səlim Müslümov: “Dövlət başçısı yanğından zərərçəkənlərin sosial müdafiəsinin təmin olunmasını tapşırıb”
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Bilgəh qəsəbəsindəki müharibə və əmək əlilləri pansionatında yanan binanın sakinləri üçün ayrılmış otaqlar və kotteclərdəki şəraitlə tanış olub.
APA-nın xəbərinə görə, zərərçəkənlərin bir hissəsinin müvəqqəti yaşayış yeri ilə təmin olunması məqsədilə yerləşdirildiyi pansionatda bütün müvafiq tədbirlər görülüb.
S.Müslümov jurnalistlərə “Bakı şəhəri Binəqədi rayonu ərazisində çoxmərtəbəli binada baş vermiş yanğın ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında” sərəncama əsasən, yaradılmış Komissiyanın prezident İlham Əliyevin sədrliyi ilə bu gün iclasının keçirildiyini diqqətə çatdırıb: “İclasda dövlət başçısı tərəfindən müvafiq orqanlara baş vermiş yanğın hadisəsinin araşdırılaraq günahkarların müəyyən olunması və sərt cəzalandırılması barədə qəti tapşırıqlar verildi. Amma bundan öncə müvafiq dövlət qurumlarına, o cümlədən ƏƏSMN-ə baş vermiş hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlərin görülməsi tapşırıldı”.
Nazir bu tədbirlər sırasına zərərçəkmişlərin sosial müdafiəsinin təmin olunması işlərinin də aid olduğunu vurğulayıb: “Həmin hadisə nəticəsində həyatını itirmiş şəxslərin ailələrinə yardımların verilməsi, Komissiya tərəfindən bu yardımların məbləğlərinin müəyyən olunması, o cümlədən xəsarət almış şəxslərə yardımların verilməsi, onların müalicəsinin təmin olunması, həlak olmuş şəxslərin dəfn mərasiminin dövlət hesabına həyata keçirilməsi və s. müvafiq tapşırıqlar verildi”.
S.Müslümov bildirib ki, dünən dövlət başçısı tərəfindən ilk növbədə yanğın baş vermiş binanın xilas olunan sakinlərinin, orda yaşayan ailələrin təcili növbədə yerləşdirilməsi tapşırılıb. Bununla əlaqədar, bir sıra yerlər müəyyən olunub. Həmçinin ƏƏSMN-nin Bilgəh qəsəbəsindəki Müharibə və əmək əlilləri pansionatında iki kottec, 18 otaq hazırlanıb. Bundan başqa, Dövlət Sərhəd Xidmətinin Goradildəki pansionatında 10 kottec, Həmkarlar İttifaqları Konfederasiyasının Buzovnada yerləşən sanatoriyasında 36 otaq hazırlanıb: “Eyni zamanda həmin ailələrə təklif olunub ki, onlara istədikləri halda müvafiq maliyyə vəsaiti ödənilsin ki, kirayə mənzillər tutsunlar. Onların çoxu yaxın ərazilərdə mənzil kirayə etməyə üstünlük verib və onlara bunun üçün müvafiq maliyyə vəsaitləri ödənilib”.
Nazir bildirib ki, yanan binanın dayanıqlığı yoxlanılacaq, əgər bina yanğından sonra dayanıqlı vəziyyətdədirsə, onda o binanın dövlət hesabına hökumət tərəfindən təcili təmir olunması, eləcə də bütün mənzillərin müvafiq avadanlıqlarla, yəni mebellərlə, digər əşyalarla təmin olunaraq həmin ailələrə təqdim olunması həyata keçiriləcək. Bu barədə dövlət başçısı tərəfindən tapşırıq verilib.
S.Müslümov Komissiya tərəfindən yanğın zamanı zərərçəkənlərin sayının dəqiqləşdirilməsi işlərinin də aparıldığını bildirib.
Apa.az