İnsan hüquq və azadlıqlarının müdafiəsində yeni tendensiyalar
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin, Konstitusiya Məhkəməsinin və AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun birgə təşkilatçılığı ilə Ombudsman Aparatında V Respublika elmi-nəzəri konfransı keçirilmişdir.
Aparatın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə və müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının 20 illiyinə həsr edilmiş ”Hüquq elminin müasir problemləri: Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsində yeni tendensiyalar” mövzusunda konfransda dövlət orqanları və KİV təmsilçiləri iştirak etmişlər.
Ombudsman Elmira Süleymanova, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev və AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun direktor müavini Bəhram Zahidov açılış mərasimində çıxış edərək konfransın məqsəd və məramını açıqlamışlar.
Müvəkkil iştirakçıları salamlamış, xalqımızın Ümummilli lideri, fenomenal şəxsiyyət olan Heydər Əliyevin müstəqil, demokratik Azərbaycan dövlətinin bünövrəsini yaratmasını və bu dövləti inkişaf etdirməsini onun xalqımız qarşısında ölçüyəgəlməz xidmətlərindən olduğunu qeyd etmişdir. Ulu öndərin ən böyük amalı müstəqil dövlətimizin yüksək tərəqqisinə, davamlı inkişafına nail olmaq idi. Öz müstəqilliyini bərpa etmiş, hüquqi, demokratik dövlət quruculuğu yolunu tutan Azərbaycan Respublikasında həyata keçirilmiş mütərəqqi islahatlar məhz Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev elə bir zirvə, elə bir şəxsiyyətdir ki, onun xidmətlərindən danışdıqca bitməz. Azərbaycan xalqı Ümummilli liderin siyasi varisi olan Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla irəliləyir.
Bu gün məhz Azərbaycan nəinki regionda, həm də bütün dünyada iqtisadi inkişaf templərinə görə liderlər sırasında özünü təsdiqləmişdir. Ölkəmizdə yoxsulluğun səviyyəsi minimum həddə, işsizliyin səviyyəsi 5 faizə endirilmiş, geniş iqtisadi və sosial proqramlar həyata keçirilməkdədir. Erməni təcavüzünün 25 ildən çox müddətdə davam etdiyi, torpaqlarımızın beşdə bir hissəsinin zəbt olunduğu, bir milyon nəfər soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətində yaşadığı bir vaxtda bütün bu uğurların qazanıldığını düşünəndə, yenə də ölkəmizin hərtərəfli, davamlı inkişafına start verən qüvvəni Heydər Əliyevin simasında görürük.
Dövlətçiliyimizin möhkəmlənməsində misilsiz xidmətləri olan Ulu öndər müasir Azərbaycanın bugünkü sosial-iqtisadi inkişafının əsasını qoymuşdur. Heydər Əliyevin vaxtı ilə imzaladığı Sərəncamlar irimiqyaslı islahatların davam etdirməsinə zəmin yaratmışdır. Ölkəmizdə bütün sahələrdə sabitlik təmin edilmiş, iqtisadiyyatda struktur dəyişiklikləri dərinləşmiş, sahibkarlığın inkişafı üçün münbit şərait yaranmış, bütün bunlar əhalinin rifah halının yaxşılaşmasına güclü təkan vermişdir.
Qeyd olunmuşdur ki, Heydər Əliyev dühasının bəhrələri bu gün bütün sahələrdə aşkarlıqla görünür. Nəsillər üçün miras qoyduğu strategiyalar, innovativ ideyalar bu qəbildəndir. Ümummilli liderin xeyir-duası ilə fəaliyyətə başlamış, şəffaflıq, qanunçuluq, ədalət və qərəzsizlik kimi prinsiplərə sadiq olan, qanunla müəyyən olunmuş səlahiyyətlər daxilində fəaliyyət göstərən Ombudsman təsisatının yaradılması da Heydər Əliyev dühasının bəhrəsidir.
Müvəkkil respublikamızda insan hüquqları sahəsində ilk proqramın — “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın Ümummilli lider Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq edildiyini vurğulamışdır. Ölkə Prezidenti İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının 2006-cı ildən həyata keçirilən İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının məntiqi davamı olduğu, prioritet istiqamətlər müəyyən etdiyi, Ombudsmanın bu sənədin icrası və təbliği məqsədilə ölkəmizin bütün rayonlarında ictimai dinləmələr keçirdiyi bildirilmişdir.
Müvəkkil bu günlərdə dövlətimizin və xalqımızın tarixində müstəsna əhəmiyyətli bir hadisənin–Azərbaycan Konstitusiyasının 20-ci ildönümünün qeyd edildiyini diqqətə çatdırmışdır. O bildirmişdir ki, 1995-ci il noyabrın 12-də Azərbaycan xalqı öz zəngin dövlətçilik ənənələrini davam etdirərək, ümumxalq səsverməsi (referendum) yolu ilə ölkəmizin müstəqilliyi dövründə Heydər Əliyevin rəhbərliyi ilə ərsəyə gəlmiş ilk Konstitusiyasını qəbul etmişdir. Müvəkkil Konstitusiyamızda demokratik dövlətin təməl prinsiplərinin ehtiva olunduğunu, 48 maddədən ibarət üçüncü fəslinin bütün müddəalarının insana, onun ləyaqətinə, hüquqlarına hörmət ruhunda yazıldığını vurğulamışdır.
Qeyd edilmişdir ki, Heydər Əliyevin idarəetmə siyasətində xalqın həyat səviyyəsinin yaxşılaşdırılması həmişə önəmli yer tutmuşdur. Qaçqınların və məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılmış, bununla bağlı 1998-ci il sentyabrın 17-də xüsusi Dövlət Proqramı qəbul edilmişdir. Ulu öndər yeni iş yerlərinin açılmasına, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinə xüsusi diqqət yetirmişdir.
Xalqımızın böyük oğlu Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra insan hüquq və azadlıqlarının təmini məqsədi ilə həyata keçirilən hüquqi islahatlar sırasında ən mühümü məhz yaşamaq hüququnun təmini istiqamətində həyata keçirilən tədbirlər olmuşdur. Belə ki, 1993-cü ildən respublikamızda ölüm cəzasının tətbiqi üzərində veto qoyulmuş, 1998-ci il 10 fevral tarixli Azərbaycan Respublikasının Qanunu ilə isə ölüm cəzası ləğv olunaraq ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir.
Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilmiş bu islahat dövlətimizin humanist siyasi kurs həyata keçirdiyini bəyan etməklə onun Avropa hüquq məkanına inteqrasiyasını sürətləndirmişdir. Yaşamaq hüququnun təmin edilməsi baxımından ölkəmizdə dəfələrlə tətbiq olunmuş əfv və amnistiya aktları xüsusi əhəmiyyət kəsb edir.
Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev çıxışında bu elmi-nəzəri konfransda insan hüquq və azadlıqlarının müdafiəsində yeni tendensiyaların müzakirə ediləcəyini vurğulamışdır. Yеni hüquq-müdаfiə mехаnizmi olаn Ombudsman təsisatı ilə Konstitusiya Məhkəməsi arasında insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinin təmini kontekstində səmərəli əməkdaşlıq əlaqələrinin qurulduğu diqqətə çatdırılmışdır. Bu qarşılıqlı əlaqələr təkcə sorğular əsasında qəbul edilmiş qərarlarla məhdudlaşmır. Hər iki qurumun təşkilatçılığı ilə ölkəmizin ictimai-siyasi həyatının ən əlamətdar hadisələrinə həsr edilmiş, insan hüquqlarının müdafiəsi və təmini ilə bağlı konfransların keçirilməsi bu qəbildəndir.
C.Qaracayev Ümummilli lider, görkəmli dövlət xadimi Heydər Əliyevin gərgin əməyi sayəsində hazırlanmış yeni Konstitusiyanın dövlətçilik ənənələrimizə və qabaqcıl dünya təcrübəsinə əsaslanmaqla, ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğuna, ictimai-siyasi, iqtisadi və mədəni həyatın inkişafına güclü təkan verdiyini söyləmişdir. O, ölkənin Əsas Qanununun qəbul edilməsinin cəmiyyətin həyatında baş verən köklü dəyişikliklərlə əlaqədar olduğunu vurğulamışdır. Yeni Konstitusiyanın hazırlanmasının dövlət müstəqilliyinin bərpa edilməsindən sonra ölkəmiz qarşısında duran həyati əhəmiyyətli vəzifələrlə, Azərbaycanın gələcək inkişafının müasir dövrün tələblərinə uyğun əsas istiqamətlərinin müəyyən edilməsi ilə bağlı olduğu diqqətə çatdırılmışdır.
Qeyd edilmişdir ki, 1995-ci il Konstitusiyasının hazırlanması və qəbul edilməsi ölkəmizin inkişafının keyfiyyətcə yeni mərhələyə qədəm qoymasının göstəricisi olmuşdur. Konstitusiya ölkəmizdə ən yüksək və birbaşa hüquqi qüvvəyə malik akt olmaqla, Azərbaycan Respublikasının qanunvericilik sisteminin əsasını təşkil edir.
Konstitusiyada insan hüquqlarının müdafiəsinin, ölkə vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsinin Azərbaycan dövlətinin ali məqsədi kimi müəyyənləşdirilməsi, dövlətin üzərinə hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat vermək vəzifəsinin qoyulması da müstəsna əhəmiyyət kəsb edir.
AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun direktor müavini, professor Bəhram Zahidov aktual mövzulara həsr edilmiş bu konfransın təmsil etdiyi elmi-tədqiqat müəssisəsi ilə Ombudsman təsisatı və Konstitusiya Məhkəməsinin səmərəli əməkdaşlığının daha bir nümunəsi olduğunu söyləmişdir. O, görkəmli ictimai-siyasi xadim Heydər Əliyevin ölçüyəgəlməz xidmətləri, parlaq əməlləri ilə öz adını müstəqil Azərbaycan dövlətinin tarixinə qızıl hərflərlə yazmış xilaskar olduğunu diqqətə çatdırmışdır. Ulu öndərin Azərbaycan Respublikası Konstitusiyasının yaradıcısı və banisi kimi də tarixə düşdüyü qeyd olunmuşdur.
Konfransda Konstitusiya Məhkəməsinin məsul əməkdaşları, Ombudsman təsisatlarının əməkdaşları, BDU-nun kafedra müdiri Alış Qasımov, AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun şöbə müdirləri Habil Qurbanov və başqaları proqram üzrə çıxışlar etmiş, müzakirə edilən mövzu ilə bağlı fikir və mülahizələrini söyləmişlər.
Trend.az