İspaniya Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyir

Posted by

İspaniya Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyirİspaniya Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyir

İspaniya Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyir

Bu gün Xarici İşlər Nazirliyində (XİN) Azərbaycan və İspaniya arasında XİN-lərarası siyasi məsləhətləşmələr çərçivəsində Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov və İspaniyanın XİN-in xarici siyasət və təhlükəsizlik üzrə baş direktoru Enrike Mora arasında görüş keçirilib.

 

Azərbaycan XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycanla İspaniya arasında əməkdaşlığın inkişaf etdiyini bildirən X.Xələfov ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar, turizm və digər sahələrdə münasibətlərin daha da inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğunu bildirib.

 

Azərbaycanın Avropa İttifaqı (Aİ) ilə strateji tərəfdaş əlaqələrinin qurulmasında maraqlı olduğunu qeyd edən X.Xələfov İspaniyanın Aİ çərçivəsində Azərbaycanın səylərini dəstəkləyəcəyinə ümidini bildirib.

 

İki ölkə arasında münasibətlərin mövcud inkişaf səviyyəsindən məmnunluğunu ifadə edən E.Mora həmkarı ilə razılaşaraq, əməkdaşlığın inkişafı üçün daha yüksək potensialın olduğunu bildirib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İspaniyaya rəsmi səfərinin tezliklə baş tutmasında maraqlı olduqlarını vurğulayan E.Mora ölkəsinin Azərbaycan üçün həm ikitərəfli müstəvidə, həm də beynəlxalq təşkilatlar çərçivəsində etibarlı tərəfdaş olduğunu qeyd edib.

 

Azərbaycanın Cənubi Qafqazda Aİ üçün mühüm tərəfdaş olduğunu qeyd edən X.Xələfov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasının regionda sülhə və təhlükəsizliyə ciddi təhdid yaratdığını qeyd edərək, münaqişənin tezliklə həll olunması üçün BMT, Avropa İttifaqı, ATƏT kimi mühüm təşkilatlar tərəfindən təsirli addımların atılmasının vacibliyini vurğulayıb.

 

Etnik və dini fərqliliyə görə separatizmin dəstəklənməsinin və dövlətlərin parçalanmasına cəhd edilməsinin demokratik prinsiplərlə ziddiyyət təşkil etdiyini qeyd edən E.Mora dövlətlərin ərazi bütövlüyü və suverenliyinin İspaniya üçün fundamental prinsip olduğunu vurğuladı. Bu baxımdan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın ərazi bütövlüyü prinsipi çərçivəsində sülh yolu ilə həllini dəstəklədiklərini bildirib.

 

Görüşdə qarşılıqlı maraq kəsb edən digər ikitərəfli və beynəlxalq mövzular ətrafında fikir mübadiləsi aparılıb.

 

Trend.az