GUAM-ın mənzil-qərargahında nəqliyyat üzrə işçi qrupunun iclası olub
Aprelin 22-23-də Ukraynanın paytaxtında, GUAM-ın Katibliyində nəqliyyat üzrə işçi qrupunun 10-cu iclası olub. İclasda üzv dövlətlərin və GUAM Katibliyinin nümayəndə heyətləri iştirak ediblər. Bu barədə AZƏRTAC-a Təşkilatın Kiyevdəki mənzil-qərargahından məlumat veriblər.
Tərəflər GUAM-ın iştirakçısı olan dövlətlərdə nəqliyyat sahəsinin inkişafı barədə məlumatı dinləyib, “GUAM-ın nəqliyyat dəhlizinin inkişaf konsepsiyası” əsasında yeni layihələrin və əməkdaşlıq proqramlarının yaradılması ilə əlaqədar məsələləri müzakirə ediblər.
İclasın iştirakçıları həmçinin “Baltik dənizi – Qara dəniz beynəlxalq nəqliyyat dəhlizinin” inkişafı barədə məlumatı dinləyiblər.
Tərəflər GUAM ölkələrinin ərazilərindən keçən beynəlxalq nəqliyyat dəhlizləri üçün tranzit yük axınlarının cəlb edilməsinə yönəldilmiş tarif siyasəti barədə normativ-hüquqi bazanı təkmilləşdirmək məqsədilə “GUAM-Tranzit-2” ixtisaslaşdırılmış konfransının təşkil olunması barədə razılığa gəliblər.
Növbəti profil iclası cari ilin ikinci yarısında keçiriləcək.
AzərTac.az