Budapeştdə Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib
Azərbaycanın Macarıstandakı səfirliyinin, Macarıstanda fəaliyyət göstərən “Qardaşlıq” Azərbaycan-Macar Dostluq Cəmiyyətinin və Soyqırımı Həqiqətlərinin Tanıdılması İctimai Birliyinin təşəbbüsü ilə Budapeştdə Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib.
Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə “Qardaşlıq” cəmiyyətinin sədri Ramiz Əmirli açıb. Azərbaycanın və Macarıstanın dövlət himnlərinin ifasından sonra Xocalı soyqırımı haqqında sənədli film nümayiş etdirilib.
Daha sonra Azərbaycan və Türkiyə Macarıstandakı səfirləri Vilayət Quliyev və Şakir Fakılı toplananlar qarşısında çıxış ediblər. Diplomatlar öz çıxışlarında 100 illiyi bir sıra dünya ölkələrində səs-küylə qeyd olunan qondarma “erməni soyqırımı”nın saxta mahiyyətini çoxsaylı faktlarla açıqlayaraq ortaya qoyublar. Əsl soyqırımın Birinci Dünya müharibəsi illərində Anadolu türklərinə, sovet imperiyasının süqutu ərəfəsində isə Azərbaycan türklərinə qarşı törədildiyini iştirakçıların diqqətinə çatdırıblar. Bunun ən bariz nümunəsinin Xocalıda törədilən dəhşətli qətliam olduğu göstərilib.
Macar tarixçi Barbara Obruşanska, Soyqırımı Həqiqətlərinin Tanıdılması İctimai Birliyinin sədri Ceyhun Ələkbərov, Hollandiyada yaşayan Azərbaycan icmasının təmsilçisi Vüqar Abbasov, Macarıstan parlamentinin keçmiş üzvü doktor Atilla Şarvaş və Sombateli Universitetinin dosenti doktor Mihal Freshli öz çıxışlarında uydurma “erməni soyqırımı”nın, Dağlıq Qarabağın işğalı və Xocalı soyqırımının müxtəlif aspektlərinə toxunublar.
Tədbir çərçivəsində B.a və C.Ələkbərovun birlikdə qələmə aldıqları “Azərbaycan – Qafqazın parlayan ulduzu” və əsərlərini macar dilində yazan gənc azərbaycanlı şair Rüstəm Əmirlinin “Nigarançılıq” kitablarının təqdimatı da keçirilib.
Macarıstanın ermənipərəst mövqeyi ilə seçilən Indeks.hu saytı da Xocalı soyqırımına həsr olunan bu toplantı ilə bağlı geniş yazı təqdim edib.
Trend.az