Vaşinqtonda “Avropanın şərqi üçün transatlantik strategiyaya doğru” mövzusunda konfrans təşkil olunub

Posted by

Vaşinqtonda “Avropanın şərqi üçün transatlantik strategiyaya doğru” mövzusunda konfrans təşkil olunub

Vaşinqtonda “Avropanın şərqi üçün transatlantik strategiyaya doğru” mövzusunda konfrans təşkil olunub

 

 

Vaşinqtonda “Avropanın şərqi üçün transatlantik strategiyaya doğru” mövzusunda konfrans təşkil olunub

ABŞ-ın nüfuzlu analitik mərkəzlərindən olan “Atlantik Şura”nın və Avropa İttifaqına hazırda sədrlik edən Latviyanın birgə təşkilatçılığı ilə yanvarın 30-da Vaşinqtonda “Avropanın şərqi üçün transatlantik strategiyaya doğru” mövzusunda konfrans keçirilib. Konfransda Azərbaycanı Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov təmsil edib.

 

Milli Məclisin deputatı Slovakiya və Gürcüstan xarici işlər nazirləri, Ukrayna xarici işlər nazirinin müavini və Polşa xarici siyasət idarəsinin yüksək rütbəli təmsilçi ilə birlikdə “Bütöv və azad Avropaya doğru” adlı paneldə iştirak edib. Paneldə çıxış edən Səməd Seyidov Azərbaycanın Şərq Tərəfdaşlığında iştirakı barədə fikirlərini bölüşüb. O, ilk əvvəl bu proqram çərçivəsində əldə olunmuş mühüm nəticələrdən – xüsusilə ötən dövrdə tərəflər arasında viza proseduralarının sadələşdirilməsi və readmissiya haqqında sazişlərin bağlandığından və Azərbaycanın bir sıra Avropa İttifaqı proqramlarında iştirakına yol açan əlavə protokolun razılaşdırılmasından danışıb. Deputat, həmçinin enerji sahəsində aparılan uğurlu dialoq və “Cənub” qaz dəhlizinin reallaşdırılması istiqamətində göstərilən qarşılıqlı səyləri vurğulayıb.

 

Eyni zamanda, Səməd Seyidov bəziləri tərəfindən insan hüquqlarından geosiyasi məqsədlər üçün istifadə olunmasını pisləyib. O, bu mənada Avropa İttifaqı institutları tərəfindən Azərbaycana qarşı vaxtaşırı atılan addımların elə Avropanın öz maraqlarının əleyhinə olduğunu qeyd edib.

 

Post-sovet məkanında mövcud münaqişələrə münasibətdə beynəlxalq hüquq prinsiplərinin tətbiqində selektiv yanaşmaya yol verildiyini söyləyən komitə sədri bu kontekstdə Azərbaycan torpaqlarının 20 faizinin işğal altında qaldığını xatırladıb. O, əlavə edib ki, ABŞ və beynəlxalq ictimaiyyət vaxtilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müvafiq tədbirlər görmüş olsaydı, digər post-sovet ölkələrində oxşar hadisələr təkrarlanmazdı. Səməd Seyidov, həmçinin sanksiyaların tətbiqi məsələsində ikili standartların nümayiş etdirildiyini bildirib.

 

S.Seyidov Şərq Tərəfdaşlığının gələcəkdə uğurlu icrasının təmin edilməsi üçün keçmişdə buraxılmış səhvlərin dərindən təhlil edilməsi və lazımı nəticələrin çıxarılmasının vacibliyini vurğulayıb.

 

AzərTac.az