Nəqliyyat Nazirliyi I Avropa Oyunları zamanı nəqliyyat sıxlığının aradan qaldırılması üçün görüləcək tədbirləri açıqlayıb
Bakıda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar nəqliyyatın sıxlığının aradan qaldırılması və nəqliyyat vasitələrinin düzgün idarə olunması üçün bir sıra tədbirlər həyata keçiriləcək.
Nəqliyyat Nazirliyinin Mətbuat katibliyinin rəisi Namiq Həsənov “APA-Economics”ə deyib ki, bu tədbirlərdən biri də oyunlar keçirilən ərazidə yerləşən parkinqlərlə bağlı olacaq. Belə ki, I Avropa Oyunları zamanı həmin ərazidə yaşayan həyətlərdə kənar şəxslərin avtomobillərini parkinq etmələrinə icazə verilməyəcək. Bunun üçün hətta sakinlərə xüsusi kartlar da paylanılacaq.
“Ümumiyyətlə, Fövqəladə Hallar Nazirliyi də çox diqqət yetirir ki, tikilən binaların altında həmin binanın sakinlərinin avtomobilləri üçün parkinq və ya qarajlar tikilsin. İyun ayında keçiriləcək I Avropa Oyunları zamanı da bu prosesə tam ciddi nəzarət olacaq. Kənar şəxslərin müəyyən edilmiş ərazilərə girərək, park etmələrinə icazə verilməyəcək. Bu tədbirlər görülməzsə, kənar parklanmalar bütövlükdə işin gedişinə mane olacaq”, – deyə N. Həsənov qeyd edib.
Apa/az