Azay Quliyev: ABŞ-da bir sıra dövlət qurumları, institutları Azərbaycanla bağlı qərəzli bəyanatlar səsləndirirlər
“Son günlər, son aylar ABŞ-da bir sıra dövlət qurumları, dövlət institutları Azərbaycanla bağlı qərəzli, həqiqəti əks etdirməyən bəyanatlar səsləndirirlər. Bunlar ABŞ-ın Azərbaycanla strateji əməkdaşlığını əks etdirməyən bəyanatlardır”. Trend-in məlumatına görə, bu barədə Milli Məclisin üzvü, Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev “ABŞ-da insan hüquqlarının vəziyyəti. Ölkənin xarici siyasətinin paradoksları” mövzusunda dinləmələrdə çıxışı zaman deyib.
A.Quliyev qeyd edib ki, bu qərəzli bəyanatlarla bağlı Azərbaycan ictimaiyyətində narahatlıq var: “Qeyri-hökumət təşkilatları tərəfindən müraciətlər daxil oldu və biz də qərara gəldik ki, belə dinləmələr keçirək və görək ABŞ-da insan haqları nə vəziyyətdədir, Azərbaycanla bağlı belə bəyanatlar səsləndirməyin hansı əsasları var? ABŞ-da irqi və dini zəmində insan haqları pozulur. Bir halda da ki, Quantanamo həbsxanası fəaliyyət göstərir, Ferqussonda insan haqları pozulur, nə üçün ABŞ-ın beyin mərkəzləri Azərbaycanı hədəf seçirlər?”
Onun sözlərinə görə, Azərbaycan strateji tərəfdaş kimi bütün öhdəlikləri yerinə yetirib: “Ermənistan Avrasiya İttifaqına üzvlüklə bağlı strateji qərar qəbul etdi, ABŞ-da buna etiraz oldu? ABŞ-da Ermənistan QHT-lərinin 78 nəfəri, Gürcüstanda QHT-lərinin 102 nəfəri siyasi məhbus elan etməsinə niyə münasibət bildirilmir? ABŞ-ın keçmiş diplomatlarının dilə ilə Azərbaycana mesajlar verməyə çalışırlar. Kozlariç, Kramen kimi keçmiş diplomatlar Azərbaycana açıq şəkildə çağırışlar edirlər. Onlar keçmiş diplomatlar olaraq öz tərəflərindən mesajlar verə bilməzlər”.
A.Quliyev əlavə edib ki, ABŞ rəsmiləri Venesiya Konvensiyasını ciddi şəkildə pozaraq Azərbaycana qarşı çağırışlar edirlər: “Hesab edirəm ki, belə dövlət rəsmiləri Azərbaycana qarşı özbaşına bu cür qərəzli bəyanatlar səsləndirə bilməzlər”.
Şura sədri vurğulayıb ki, Azərbaycan bu gün öz milli maraqlarını qorumaq üçün siyasət qurub və bu cür təzyiqlər Azərbaycanın siyasi kursuna heç bir təsir göstərə bilməz.
Trend.az