“Bakı Metropoliteni” gediş haqqının artırılması ilə bağlı Tarif Şurasına müraciət etməyib
Bakı metrosunda gediş haqqının artırılması Tarif Şurasının səlahiyyətindədir.
Bunu “APA-Economics”ə “Bakı Metropoliteni” QSC-nin Mətbuat katibliyi və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nəsimi Paşayev bildirib.
Onun sözlərinə görə, “Bakı Metropoliteni” QSC məsələ ilə bağlı Tarif Şurasına müraciət etməyib.
Qeyd edək ki, Azərbaycanda bu gündən Tarif Şurasının qərarı ilə yol vergisi əlavə olunmaqla Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 72 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 62 qəpik müəyyən edilib.
2015-ci ilin dövlət büdcəsində bildirilir ki, hal-hazırda bu gün “Bakı Metropoliteni”ndə gediş haqqı 20 qəpikdir. Lakin real olaraq hər bir sərnişinin daşınması nisbətən baha başa gəlir. Dövlət “Bakı Metropoliteni”ndən əhalinin ən çox aztəminatlı hissəsinin sıx istifadə etdiyini nəzərə alaraq, real gediş haqqı xərcinin qalan hissəsinin ödənilməsini öz üzərinə götürüb. Bu məqsədlə bu bölmədən “Bakı Metropoliteni”nə onun fəaliyyətinin tənzimlənməsi üçün 38 mln. manat vəsaitin ayrılması nəzərdə tutulub.
Apa.az