Zaqatalada zəlzələdən zərər çəkmiş daha bir körpələr evi-uşaq bağçası yenidən istifadəyə verilib
Zaqatala rayonunda 2012-ci ilin may ayında baş verən zəlzələdən zərər çəkmiş daha bir körpələr evi-uşaq bağçası yenidən tikilərək istifadəyə verilib.
APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, 2 saylı körpələr evi-uşaq bağçasının tikintisi Nazirlər Kabinetinin xüsusi sərəncamına müvafiq olaraq həyata keçirilib.
Bu münasibətlə təşkil edilən açılış mərasimlərində Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edib.
2013-cü ilin noyabr ayında tikintisinə başlanılan bina 2 mərtəbəli olmaqla ümumilikdə 37 otaqdan ibarətdir. 1 200 kv. metr tikinti sahəsini əhatə edən 3 qruplu 50 yerlik bağçada tibb otağı, kompüter otağı, musiqi zalı, 3 yataq otağı metodiki kabinet, 3 oyun otağı, 2 anbar və mətbəx balaca fidanların xidmətinə verilib. Bina müasir istilik sistemi ilə təchiz olunub, həyəti abadlaşdırılıb, daimi su təminatı üçün 2 ədəd 50 kubmetrlik su anbarı, qazanxana və nasosxana tikilib.
Açılış mərasimində çıxış edən Mübariz Əhmədzadə yeni tikilən körpələr evi-uşaq bağçasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edib. Daha sonra tədbir iştirakçıları Zaqatala şəhər 3 saylı rus qarışıq, 1 qruplu 20 yerlik uşaq bağçasının cari təmirdən sonrakı vəziyyəti ilə tanış olublar.
Apa.az