Bakıda Azərbaycan və Rusiya parlamentlərarası komissiyasının 12-ci iclası keçirilib
Dekabrın 23-də Azərbaycan Respublikası Milli Məclisinin və Rusiya Federasiyası Federal Məclisinin əməkdaşlıq üzrə parlamentlərarası komissiyasının 12-ci iclası keçirilib.
AzərTAc xəbər verir ki, Milli Məclis sədrinin müavini, komissiyanın həmsədri Valeh Ələsgərov iclasın gündəliyi haqqında məlumat verib. Bildirib ki, bugünkü toplantıda komissiyanın tərkibi, onun 2014-cü ildə fəaliyyətinin nəticələri və qarşıdakı müddətdə vəzifələri, Azərbaycan ilə Rusiya arasında energetika sahəsində əməkdaşlığın perspektivləri, regionlararası əlaqələrin inkişafı, parlamentlərarası komissiyanın 2015-ci il üzrə planları, 13-cü iclasın yeri və vaxtı ilə bağlı məsələlər müzakirə olunacaq.
Federasiya Şurasının sədr müavini, parlamentlərarası komissiyanın həmsədri İlyas Umaxanov Rusiya tərəfindən komissiyanın tərkibində dəyişikliklərin olduğunu qeyd edib. O bildirib ki, bu dəyişikliklər nəticəsində komissiyaya Federasiya Şurasının aqrar-ərzaq siyasəti, elm, təhsil və mədəniyyət komitələrindən üzvlər, həmçinin Rusiyanın Başqırdıstan Respublikası, Həştərxan və Samara vilayətlərini təmsil edən nümayəndələr daxil edilib. Qeyd edilib ki, komissiyada əsasən Azərbaycanla qonşuluq edən regionların nümayəndələri təmsil olunur ki, bu da iki ölkə arasında gələcək əməkdaşlıq sahələrinin müəyyən edilməsi üçün vacibdir.
AzərTac.az