Azərbaycan IFC ilə saziş imzaladı: Məqsəd kənd təsərrüfatında məhsuldarlığı və rəqabəti artırmaqdır
Bu gün Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi ilə Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında ölkənin kənd təsərrüfatı sektorunda məhsuldarlığın və rəqabətliliyin artırılmasına dair saziş imzalanıb.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, kənd təsərrüfatı naziri Heydər Əsədov qeyd edib ki, sazişin həyata keçirilməsində məqsəd fermerlərin müxtəlif kənd təsərrüfatı bitkilərinin yüksək məhsuldar sortları, o cümlədən idxal olunan toxumları əldə etmə imkanlarının artırılması ilə nəticələnməklə dövlət sort sınağı, qeydiyyatı və mühafizəsinin tənzimlənməsində təkmilləşdirmələrin, institusional gücləndirmənin dəstəklənməsi vasitəsilə Azərbaycanın kənd təsərrüfatı sektorunda məhsuldarlığın və rəqabətliyinin artırılmasına nail olmaqdır.
Nazir bu sahədə IFC ilə əməkdaşlığın praktiki müstəvidə davam etdirilməsini və Avropa İttifaqının təcrübəsindən də istifadə olunmasını məqsədəuyğun hesab edib.
IFC-nin Azərbaycan üzrə nümayəndəsi xanım Aliyə Əzimova qeyd edib ki, IFC-nin Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi ilə əməkdaşlığı, qurumun Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi və davamlı inkişafının təmin olunması strategiyasının vacib hissəsidir: “Ümid edirik ki, kənd təsərrüfatı sektorunda məhsuldarlığın artırılmasına yardım etməklə, Azərbaycanda tarazlı inkişafın təmin olunmasına, beynəlxalq səviyyədə ölkənin rəqabətqabiliyyətinin artırılmasına, habelə qeyri-neft sektorunda iş yerlərinin yaradılmasına dəstək verə biləcəyik”.
Sonda imzalanma mərasimi keçirilib.
Trend.az