Azərbaycanda nikah müqaviləsinin bağlanması məcburidirmi?
Nikah müqaviləsi nə deməkdir və bağlanması məcburi xarakter daşıyırmı?
Trend-in bu sualına cavab olaraq “Bakı Hüquq Mərkəzi”nin (BHM) hüquq məsləhətçisi Tahir Əliyev bildirib ki, nikah müqaviləsi – nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və (və ya) nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir. Nikah müqaviləsi ər-arvadın birgə mülkiyyətinin qanunla müəyyən edilmiş rejimini dəyişdirərək müqavilə rejimini müəyyənləşdirir. Başqa sözlə, ər-arvad nikah müqaviləsi bağlamaqla ümumi əmlaka, onun ayrı-ayrı növlərinə və ya ər-arvadın hər birinin əmlakına birgə, paylı və ya ayrıca mülkiyyət rejimi tətbiq etmək imkanına malikdirlər. Nikah müqaviləsi ər-arvadın mövcud olan və gələcəkdə əldə edəcəkləri əmlaka dair bağlana bilər: “Nikah müqaviləsində müxtəlif məsələlər müəyyənləşdirilə bilər: tərəflərin bir-birini qarşılıqlı saxlaması, bir-birinin gəlirlərində iştirak üsulları, tərəflərin hər birinin ailə xərclərində iştirak qaydası ilə bağlı hüquq və vəzifələri, nikahın pozulması halında, tərəflərin hər birinə düşəcək əmlak, eləcə də ər-arvadın əmlak münasibətlərinə dair hər hansı digər məsələlər”.
T.Əliyev qeyd edib ki, Ailə Məcəlləsinin 38.6-cı maddəsinə əsasən, nikah müqaviləsində ər-arvadın hüquq və fəaliyyət qabiliyyətini, öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququnu, uşaqlara münasibətdə hüquq və vəzifələrini, eləcə də ər-arvad arasındakı şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyən, ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanılması üçün vəsait almaq hüququnu məhdudlaşdıran, ər-arvaddan birini çox əlverişsiz vəziyyətə salan və ailə qanunvericiliyinin əsaslarına zidd olan müddəalar nəzərdə tutula bilməz.
Şirkətin hüquqşünasının sözlərinə görə, nikah müqaviləsi nikahın bağlanmasının dövlət qeydiyyatına qədər, eləcə də nikah dövründə istənilən vaxtda bağlana bilər: “Nikah müqaviləsi yazılı formada bağlanır və notariat qaydasında təsdiq olunur. Nikah müqaviləsinin bağlanması məcburi deyil, tərəflərin iradəsindən və qarşılıqlı razılığından asılıdır. Nikah müqaviləsində nikah pozulduqdan sonrakı dövr üçün nəzərdə tutulan vəzifələr istisna olmaqla, nikaha xitam verilməsi anından nikah müqaviləsinə də xitam verilir”.
Trend.az