Tacikistanda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş mərasim keçirilib

Posted by

Tacikistanda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş mərasim keçirilibTacikistanda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş mərasim keçirilib

Tacikistanda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş mərasim keçirilib

Bu gün Azərbaycanın Tacikistandakı səfirliyində ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş anma mərasimi keçirilib.

 

Səfirlikdən Trend-ə verilən məlumata görə, toplantının keçirildiyi “Heydər Əliyev muzeyi”ndə ulu öndərin və Azərbaycan Prezidenti İlham Əliyevin portretləri, Azərbaycanın və Tacikistanın Dövlət bayraqları, ümummilli liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini özündə əks etdirən fotoşəkillər, bununla yanaşı, səfirliyin foyesində tacik, ingilis, rus və Azərbaycan dillərində hazırlanmış press-relizlər, Azərbaycanın Tacikistandakı səfirliyinin təşəbbüsü ilə tacik dilinə tərcümə edilib nəşr olunmuş, yazıçı-publisist, millət vəkili Elmira Axundovanın “Heydər Əliyev. Şəxsiyyət və Zaman”, eləcə də Nikolay Zinkoviçin “Həyatın keşməkeşləri” kitabları, “Baku” jurnalının nüsxələri nümayiş etdirilərək paylanılıb.

 

Bununla yanaşı, səfirlik tərəfindən hazırlanmış ulu öndər haqqında “Payomi Dushanbe” qəzetində dərc edilmiş məqalə tədbir iştirakçılarının diqqətinə təqdim edilib.

 

Mərasimdə Tacikistanın dövlət və hökumət nümayəndələri, nazirlik və komitələrin rəhbərləri, Milli Məclisin deputatları, həmçinin keçmiş xarici işlər naziri Xamroxon Zarifi, Tacikistan Xarici İşlər Nazirliyinin əməkdaşları, ölkədə akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların başçıları, elm, mədəniyyət, təhsil ocaqlarının nümayəndələri, siyasi partiyaların rəhbərləri, bununla yanaşı, yerli və xarici kütləvi informasiya vasitələrinin təmsilçiləri, Tacikistanda daimi və ya müvəqqəti yaşayan azərbaycanlılar, səfirliyimizlə sıx təmasda olan bir sıra yerli təşkilatların nümayəndələri iştirak ediblər.

 

Səfir Abbasəli Həsənov və qonaqlar səfirliyin həyətində ulu öndər Heydər Əliyevin büstünün önünə tər güllərlə bəzədilmiş əklil qoyublar.

 

Mərasim ulu öndər Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

 

Daha sonra A.Konçalovskinin ümummilli lider Heydər Əliyev haqqında çəkdiyi “Бремя власти” filminin 12/12-ci hissəsi nümayiş etdirilib.

 

Toplantıda A.Həsənov çıxış edərək müasir Azərbaycanın qurucusu və memarı ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti barədə tədbir iştirakçılarına ətraflı məlumat verib: “Azərbaycan xalqı xoşbəxt xalqdır. Ona görə ki, Heydər Əliyev kimi lideri olub. O, Azərbaycanda vətəndaş müharibəsinin qarşısını alıb, Azərbaycan dövlətini məhv olmaqdan xilas edib və gələcək inkişafını təmin edən neft strategiyasını qurub. Azərbaycanın digər bir xoşbəxtliyi ondan ibarətdir ki, Heydər Əliyevdən sonra İlham Əliyev Prezident oldu və atasının siyasətini uğurla davam etdirdi. Bu uğurlu siyasətin nəticəsidir ki, Azərbaycan dünyanın ən sürətli inkişaf edən bir ölkəsinə çevrilib”.

 

Tacikistanın keçmiş xarici işlər naziri X.Zarifi öz çıxışında bu ilin oktyabr ayında Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etdiyini və Azərbaycanın 23 il ərzində inanılmaz dərəcədə inkişafının şahidi olduğunu qeyd edib: “Heydər Əliyevin əsasını qoyduğu uzaqgörən və müdrik siyasətin nəticəsində Azərbaycan inkişaf etmiş iqtisadiyyata malik, stabil gələcəyə doğru inamla addımlayan güclü və müstəqil dövlətə çevrilib”.

 

Azərbaycan-Tacikistan Parlamentlərarası Dostluq Qrupunun sədri Ubaydullo Davlatov bildirib ki, Heydər Əliyevin şəxsiyyətində bir milli lider kimi ən yaxşı xüsusiyyətlər cəmlənib: rasionallıq, müdriklik, qətiyyətlilik və siyasi uzaqgörənlik, realizm və yenilik, insanpərvərlik və xeyirxahlıq.

 

Qırğızıstan səfir N.Miroslav çıxışında bildirib ki, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi 30 il ərzində həmişə xalqını və dövlətini düşünüb: “O, əsl milli liderdir. Azərbaycan bu çətin iqtisadi təlatümlər keçən dövrdə nadir inkişaf yolu ilə gedən dövlətlərdəndir. Azərbaycanın dinamik inkişafı Prezident İlham Əliyevin atası kimi müdrik və uzaqgörən olduğunu göstərir”.

 

ÇXR-in Tacikistandakı səfiri Fan Syancun çıxışında 1994-cü ildə Heydər Əliyevin Çinə rəsmi səfərini xatırladaraq, bu dövrdən başlayaraq Azərbaycanla Çin arasında münasibətlərin əsaslı şəkildə dəyişdiyini və inkişaf etdiyini bildirib: “Çində belə bir məsələ var: suyu içəndə gərək su quyusunu qazana həmişə minnətdar olasan. Heydər Əliyev Azərbaycan xalqını dünyaya tanıtdı və ölkəsini dünya ölkələri arasında çox yüksək pilləyə qaldırdı”.

 

Qeyd edək ki, anma mərasimi barədə hazırlanmış reportaj “Caxonnamo”, “Poytaxt” televiziya kanallarında efirə verilib.

 

Bununla yanaşı, məşhur kinorejissor A.Konçalovskinin ulu öndər haqqında çəkdiyi “Bremya Vlasti” filmi səfirliyin təşəbbüsü və sifarişi ilə dekabrın 12-də Tacikistanın “Poytaxt” telekanalının efirində nümayiş etdirilib.

 

Trend/az