Qars şəhərində ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb
Azərbaycanın Türkiyənin Qars şəhərindəki Baş konsulluğu ümummilli lider Heydər Əliyevin vəfatının 11-ci ildönümü ilə bağlı tədbir keçirib.
Baş konsulluqdan Trend-ə verilən məlumata görə, tədbir Qars şəhərinin Ərzurum küçəsində yerləşən Heydər Əliyevin abidəsi önündə çələng və gül dəstələrinin qoyulması ilə başlayıb, ardından baş konsul yerli mətbuata ulu öndərimizlə bağlı müsahibə verib.
Sonra Heydər Əliyevin anma mərasimi Baş konsulluğun konfrans salonunda davam etdirilib. Mərasimin əvvəlində ulu öndərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Türkiyənin milli himnləri səsləndirilib.
Tədbiri giriş sözü ilə açan baş konsul A.Süleymanlı qonaqları salamlayaraq, mərasimdə iştirak etdikləri və ümummilli liderimizin xatirəsinə göstərdikləri hörmət və ehtirama görə öz dərin təşəkkürünü bildirib. O, dahi insanın Azərbaycan xalqının yetişdirdiyi böyük şəxsiyyətlər arasında çox mühüm yer tutduğunu bildirərək, onun Azərbaycan dövləti və xalqı qarşısında göstərdiyi böyük xidmətlər haqqında söz açıb. Baş konsul Azərbaycan Respublikası müstəqilliyini əldə etdikdən sonra Heydər Əliyevin Azərbaycan xalqının etimadını qazanaraq, iki dəfə ölkə başçısı seçildiyini bildirib, onun respublikamızı yaşadığı çətin dövrlərdə parçalanmaqdan və xaosdan qurtardığını, Azərbaycan Respublikasına həm SSRİ, həm də müstəqillik əldə etdikdən sonra rəhbərlik etdiyi dövrlərdə vətənimizin hərtərəfli inkişafını təmin etdiyini vurğulayıb.
Bundan əlavə, baş konsul Türkiyə ilə Azərbaycan arasında mövcud iqtisadi, siyasi, mədəni və dostluq əlaqələri, eləcə də Bakı-Tbilsi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz xətti kimi böyük layihələr haqqında söz açaraq bu layihələrin əsasının ümummilli liderimiz tərəfindən qoyulduğunu və bu gün də dahi şəxsiyyətin siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla apardığını tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Çıxışdan sonra Qars şəhərində yerləşən “Həzrəti Əli” məscidinin imamı Şeyx Behrem Geley tərəfindən Heydər Əliyevin əziz ruhuna müqəddəs Quran-Kərimdən ayələr və qarslı şair Murat Şanlı tərəfindən yazılmış ulu öndərimizə həsr olunan “Gönüller Sultanı Aliyev” adlı şeir qonaqlar qarşısında oxunulub.
Tədbirin sonunda qonaqlara ulu öndərimizin həyat və fəaliyyətinə həsr olunmuş “Əbədiyyat yolu” adlı sənədli film, həmçinin fotolar slayd şəklində nümayiş etdirilib, ardından ulu öndərimizin əziz ruhuna ehsan verilib.
Qonaqlar Baş konsulluğun konfrans salonunda təşkil olunan Heydər Əliyevla bağlı jurnal və kitablar, ümummilli liderimizin həyat və fəaliyyətindən bəhs edən fotostendlə də tanış olublar.
Mərasimdə Qars vilayətinin valisi Günay Özdemir, Qars şəhər bələdiyyəsinin sədri Murtaza Karaçanta, şəhərin digər rəsmi qurumlarının rəhbərləri və nümayəndələri, Qars Qafqaz Universitetinin rəhbər, professor-müəllim heyəti, universitetdə təhsil alan azərbaycanlı və türk tələbələr, KİV-lərin və yerli ictimaiyyət nümayəndələri, digər şəxslər iştirak ediblər.
Baş Konsulluq tərəfindən keçirilmiş tədbir yerli kütləvi informasiya vasitələrinin təmsilçiləri tərəfindən geniş işıqlandırılıb.
Trend/az